EN

Bakı Metropoliteninə xoş gəlmisiz: “8 Noyabr” stansiyası - Dörd il əvvəl istifadəyə verilən stansiyadan REPORTAJ

Bakı, 29 may, AZƏRTAC

Qatar yola çıxır…

Maşinist yan güzgüdən sərnişin platformasını izləyir. Nəzarətçi əlində tutduğu qırmızı diskı yuxarı qaldırır. Bu o deməkdir ki, hər şey qaydasındadır, hərəkət etmək olar. Qatarın mühərriki işə düşür, uğultulu səs ətrafa yayılır. Polad qollar üstündə metro qatarları şütüyür. Az sonra “Memar Əcəmi” stansiyasından yola çıxan qatar növbəti stansiyaya yaxınlaşır. 1,2 kilometr uzunluğunda olan yolu təxminən 3 dəqiqəyə qət edir. Tuneldən çıxan qatar gur işıqlı stansiyaya daxil olur. Diktorun ənənəvi elanı səslənir:

Qapılar açılır, “8 Noyabr” stansiyası

Sərnişinlər qatardan düşüb gur işıqlı platformaya daxil olurlar. İlk addımdan geniş və özünəməxsus yaraşığa malik vestibül göz oxşayır. Tavandan asılmış metal elementlər bir tərəfdən müasir sənaye dizaynını xatırlatsa da, digər tərəfdən şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi təsirini bağışlayır. Divarlardakı mərmər panellər və Azərbaycan Bayrağının rənglərini əks etdirən işıq effektləri buranı digər metro stansiyalarından fərqləndirir. Dairəvi çılçıraqların işığı stansiyanın estetik görkəmini tamamlayır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət xidmətinin rəis müavini Anar Zamanov stansiyaya daxil olan qatarların hərəkətinə, sərnişinlərin giriş-çıxışına göz qoyur. AZƏRTAC-ın müxbiri ona yaxınlaşaraq 2021-ci il mayın 29-da istifadəyə verilən, fəaliyyətinin dörd ili tamam olan “8 Noyabr” stansiyası haqqında məlumat verməyi xahiş edir. Rəis müavini deyir: ““8 Noyabr” Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi xətt”in dördüncü stansiyasıdır. “Bənövşəyi xətt”in digər stansiyalarında olduğu kimi, bura da yeddivaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub. Sərnişin platformasının uzunluğu 144, eni 11 metrdir. “8 Noyabr” liftin fəaliyyət göstərdiyi yeganə stansiyadır. “Avtovağzal”dan sonra məhz burada qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün keçid var. 194 metrlik keçid kamerasının olması səbəbindən dönmə əməliyyatı əvvəlki stansiyalarla müqyisədə daha rahat və çevik şəkildə təmin edilir. İstifadəyə verildiyi ilk vaxtlarda stansiya gün ərzində 2,2-2,3 min sərnişinə xidmət göstərirdisə, indi bu say 5,4-5,5 minə yüksəlib”.

Paytaxtın Nəsimi rayonunda yerləşən stansiyanın “8 Noyabr” adlandırılması heç də təsadüfi deyil. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin simvolu olan metro stansiyası xalqın birlik ruhunu, qələbəyə inamını və şəhidlərin xatirəsinə olan dərin ehtiramı özündə daşıyır. Bu stansiya keçmişlə gələcəyin görüş nöqtəsidir. Bakı Metropoliteninin bu incisi, təkcə şəhərin infrastrukturuna deyil, xalqımızın mənəvi dünyasına da mühüm töhfə verir. Stansiyanın divarlarındakı mərmər panellər və Azərbaycan Bayrağının rənglərini əks etdirən işıq effektləri onun əsas özəlliklərindəndir. Hər bir Bakı sakini və şəhərə gələn turist bu stansiyadan keçərkən, Azərbaycanın nə qədər möhtəşəm bir tarix yazdığını bir daha xatırlayır. Onu da qeyd edək ki, bu metrostansiyanın xidmətindən daha çox şəhərin həmin ərasizində yaşayan sakinləri, eləcə də, Mərkəzi Hərbi Hospitalın əməkdaşları, adıçəkilən müalicə müəssisəsinə üz tutan hərbçilər, xəstələr və onların ziyarətçiləri istifadə edirlər.

... “Bənövşəyi xətt”in “Xocasən” stansiyasından gələn və yenidən “8 Nöyabr-Memar Əcəmi-Avtovağzal-Xocasən” marşrutu üzrə hərəkət edən qatarların uğultusu bir-birini əvəz edir. Platformaya daxil olandan sonra qatarı tərk edən sərnişinlər müxtəlif istiqamətlərə üz tuturlar.

Hərəkət xidmətinin rəis müavini daha bir neçə məlumatı diqqətə çatdırır: ““8 Noyabr”ın ümumi uzunluğu, keçid kamerası və sərnişin platforması ilə birlikdə 363 metrdir, yerləşdiyi ərazinin relyefinə uyğun olaraq 12-22 metr aralığındadır. Sərnişinlər ekskalator, lift və pilləkənlərdən istifadə etməklə buraya daxil ola bilirlər. Burada əlil arabasından istifadə edənlər, həmçinin fiziki imkanları məhdud sərnişinlər üçün üç lift quraşdırılıb. Əlil arabaları xüsusi texniki qurğu vasitəsilə platforma səviyyəsinə endirilir və qatarda xüsusi olaraq ayrılmış yerlərdən istifadə etməklə mənzil başına çatdırılır”.

Qapılar bağlanır, növbəti stansiya...

... Qatar mənzil başına çatan kimi diktorun səsi eşidilir: “”8 Noyabr” stansiyası. Xahiş olunur vaqonları tərk edin!”

“Bənövşəyi xətt”in son dayanacağına çatan sərnişinlər vaqonlardan düşürlər. Boşalan qatar yenidən stansiyaya qayıdıb xəttə çıxmaq üçün keçid kamerasına doğru hərəkət edir…

Bu, indi belədir. Əslində isə təxminən 1 kilometr uzunluğunda olan növbəti stansiyanın da inşası başa çatdırılıb, yalnız son tamamlama işləri qalıb. Tamamlama işləri başa çatandan sonra Bakı Metropoliteninin 28-ci stansiyası da işə düşəcək və sərnişinləri yeni ünvana çatdıracaq. Mənzil başına çatan qatarda ənənəvi musiqi səsindən sonra diktorun səsi eşidiləcək: “Qapılar bağlanır. Növbəti stansiya B04”.

Chosen
96
3
azertag.az

10Sources