EN

Levandovski: “Gələcəyim haqda zərrəcə təsəvvürüm yoxdur”

“Barselona”nın 36 yaşlı polyak ulduzu, veteran mərkəz hücumçusu Robert Levandovski gələcəyi haqda sualı cavablayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, “Lyova”nın müvafiq cavabını təqdim edir:

– Əgər siz növbəti mövsümü də bu mövsümdəki kimi uğurlu başa vura bilsəniz, “Barselona”da qala bilərsinizmi, yoxsa Səudiyyə Ərəbistanı və ya ABŞ-da macəra axtarmağa cəhd istəyiniz olar?
– Deməliyəm ki, indi zərrəcə təsəvvürüm yoxdur. Çoxlu xüsuslar var, fiziki olaraq mən qaydasındayam, zehniyyətcə də qaydasındayam. Mən hal-hazırda nə etmək istədiyimi deyə bilərəm, amma indi biz bir il və ya daha artıq müddətdən danışırıq, bu isə xeyli çoxdur. Futbolda üç ay, həftə, iki həftə – bunlar, böyük müddətlərdir. Amma mən hələlik düşünürəm ki, ən əsası – çox yaxşı mövümə hazırlıqdır. Görək, amma indi vaxtı deyil, mən özümü yaxşı hiss edirəm. Mən bilirəm ki, bir çox adamlar mənə meydandakı çıxışıma görə deyil, yaşıma görə baxırlar. Elə ola bilər ki, mən yaxşı bir oyun keçirim, amma qol vura bilməyim, bəs onda mənim yaşımın buna nə dəxli var? Əgər mən, məsələn, pis oynadımsa, bu, adi haldır, mən bu halda heç nə edə bilmərəm.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 52 oyuna çıxıb, 42 qol vurub və 3 məhsuldar ötürmə verib.

Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 147 oyun, 101 qol və 20 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 157 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
187
5
arena.az

10Sources