BAKI, 4 iyun. TELEQRAF
Azərbaycanın Ali Məhkəməsi Rusiyada qətl törətməkdə təqsirli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eldar Məhərrəmovun cinayət işinə baxıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2008-ci il dekabrın 27-də Moskva vilayəti, Klin şəhərində baş verib.
O, özgənin əmlakını ələ keçirmə məqsədi ilə quldurluqda və qətl törətməkdə ittiham olunub.
Belə ki, E.Məhərrəmov həmin gün kirayə qaldığı evdə sevgili münasibətində olduğu Ryabova (Şikanova) Yekaterina Nikolayevna ilə birlikdə olarkən, onların evinə qonaq gəlmiş rəfiqəsi Saxobata Babayevanın üzərində bir ədəd “Nokia 5310” markalı mobil telefon, qırx qramlıq kulonlu qızıl zəncir, on qramlıq qızıl zəncir, dəst sırğalar, zümrüdlü qızıl üzük, qızıl bilərzik, iki və ya üç üzük və on min Rusiya rublu nağd pulun olduğunu görüb. O, özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmin şəxsi öldürmək qərarına gəlib.
İttiham aktına əsasən, Eldar yaşadığı evdə gündəlik istifadə edilən çəkiclə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib və onun baş nahiyəsinə üç dəfə zərbə endirib. Lakin o, zərərçəkmiş şəxsin yalvarışlarına və mərhəmət diləməsinə məhəl qoymayıbz əlinə keçən kəmər və ya kəndirlə onu boğub.
Daha sonra zərərçəkmiş şəxsin meyitini hamam otağına apardıqdan sonra həyətə düşərək iki rulon zibil paketi və beş şüşə ağardıcı məhlul alaraq evə qayıdıb. Mətbəx otağından gündəlik məişətdə istifadə edilən bıçağı götürərək törətmiş olduğu cinayət əməlinin izlərini gizlətmək məqsədi ilə meyiti bıçaqla doğrayıb, hissələrə ayıraraq ümumilikdə altı ədəd paketə doldurub. Yaxın həyətlərdə olan müxtəlif zibil qablarına atıb.
Daha sonra qətlə yetirdiyi şəxsin üzərində olan 840 Azərbaycan manatına bərabər 30.000 Rus rublu məbləğində qızıl-zinət əşyalarını, 142,9 Azərbaycan manatına bərabər tutulan 5.101,6 Rusiya rublu dəyərində “Nokia 5310” markalı mobiltelefon cihazını və 280 Azərbaycan manatına bərabər tutulan 10.000 Rusiya rublu dəyərində nağd pulu ələ keçirib.
Bu hadisəni törədən qatil sonra Azərbaycana gəlib. Qətlin üstü isə 14 il sonra – 2022-ci ildə açılıb. Eldar Məhərrəmov Bakıda saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.4 (Azərbaycan hüdudlarından kənarda - xüsusi amansızlıqla adam öldürmə), 12.1, 120.2.11 (Azərbaycan hüdudlarından kənarda - quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 12.1, 181.3.3-cü (Azərbaycan hüdudlarından kənarda – zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
“Tez-tez mübahisələri düşüb”
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Yeganə Məhərrəmova ilə rəsmi olaraq ailə həyatı qurub və daha sonra 2006-cı ilin sonlarında işləmək üçün Rusiya Federasiyasının Moskva vilayətində yerləşən Klin şəhərinə gedib: “Bir il Rusiyada yaşadıqdan sonra övladım dünyaya gəldiyindən Bakı şəhərinə qayıtdım. Bir həftə qaldıqdan sonra yenidən Klin şəhərinə getdim. Orada “Russkiy klub” adlı restoranda administrator işlədim. Həmin restoranda ofisiant işləyən Yekaterina (həmin vaxtlar subay olduğundan soyadı Şikanova olub – red.) ilə tanış oldum və münasibətlərimiz yarandı. Bir müddət sonra isə Klin şəhəri, Liteynaya küçəsində kirayə qaldığı evdə onunla birlikdə yaşamağa başladıq. Bundan əvvəl isə Yekaterina Klin vilayətində yerləşən Vısokovsk şəhərində bibisinin evində yaşadı. Mən arada bir Yekaterinanın yanına getmişəm. Elə həmin şəhərdə olarkən Yekaterinanın rəfiqəsi Saxobat ilə tanış oldum. Saxobat hansısa barda ofisiant işləyib. Yekaterina ilə birlikdə yaşamağa başladıqdan sonra isə Saxobat bir neçə dəfə bizə qonaq gəlib-gedib. Mənim Saxobat ilə hər hansı yaxın münasibətim olmayıb.. Saxobatın dediyinə görə anası onu öz qohumlarından kimləsə evləndirmək istəyib. Ancaq Saxobat həmin şəxslə ailə həyatı qurmaq istəməyib və bunun üstündə anası ilə tez-tez mübahisələri düşüb”.
“Şər atdığımı Yekaterinaya deyəcəyini bildirdi”
Eldarın ifadəsinə görə, tanışlıqdan bir müddət sonra Saxobat onunla yaxınlıq etməyə cəhd göstərməyə başlayıb: “Yekaterinanın rus milliyyətindən olduğunu, bizim hər ikimizin (zərərçəkmiş və özünü nəzərdə tutur red.) müsəlman olduğumuzu, özünün qız uşağı olduğunu bildirdim. Amma Saxobat mənimlə ailə həyatı qurmağı istədi. Mən isə Saxobata Azərbaycanda arvadım və uşağımın olduğunu bildirdim. Yekaterinaya da Bakıda ailəmin olduğunu əvvəldən demişdim. Saxobat qız uşağı olduğundan onunla heç vaxt yaxınlıq etmək istəmədim. Yekaterina da mənim belə düşündüyümü bildi. Ona görə də aramızda qısqanclıq mövzusunda hər hansı mübahisələrimiz olmadı. Son dövrlərdə Saxobat bizə tez-tez gəlib və hər dəfə ikimiz qaldıqda eyni söhbətləri açıb. Mən də olanları Yekaterinaya danışacağımı bildirmişəm. Belə olduqda Saxobat guya mənim onunla yaxınlıq etmək istədiyimi və qarşılıq almadığımdan ona şər atdığımı Yekaterinaya deyəcəyini bildirdi. Ona görə də son vaxtlar Saxobat bizə qonaq gəldikdə, müxtəlif bəhanələrlə evdən getmişəm”.
“Öldüyünü anladım”
Təqsirləndirilən şəxsin sözlərinə görə, 27 dekabr 2008-ci ildə, saat 20 radələrində Saxobat yenə onlara qonaq gəlib, Yekaterina ilə evdə olublar: “Qadınlar otaqda oturaraq söhbət edirdi. Mən isə mətbəx otağına keçdim, siqaret çəkdim. Sonra Yekaterina və Saxobatın yanına getdim. Həmin vaxt Yekaterina yemək bişirmək üçün mətbəx otağına gedi. İkimiz otaqda qalarkən Saxobat dedikləri barədə nə düşündüyümü soruşdu. Mən isə artıq bu söhbətləri bağlamağı və çıxıb getməyi təklif etdim. Əks halda bu söhbətləri Yekaterinaya danışacağımı dedim. Həmin vaxt Saxobat özünə xəsarət yetirəcəyini, qızlığını pozub, sonra da polis idarəsinə gedərək guya mənim tərəfdən zorlandığı barədə şikayət edəcəyini dedi. Saxobata buna heç kimin inanmayacağını bildirdim. O, isə “indi baxarsan” ifadəsini işlətdi. Həmin vaxt canıma qorxu düşdü. Əsəbləşərək Saxobata bir dəfə şillə zərbəsi vurdum. Bu vaxt Saxobatın burnundan qan gəlməyə başladı. O, pəncərə tərəfə gedərək pərdəni araladı, şüşəni sındırmaq istədi. Saxobatın şüşəni sındırıb, pəncərədən küçəyə atlayacağından qorxdum. Ona görə Saxobatın saçından tutaraq arxaya dartdım. Məqsədim Saxobatı evdən qovmaq olub. Həmin vaxt Saxobat bərk qışqırdı. Onun saçından tutaraq dəhlizə tərəf çıxaran zaman orada olan çəkici gördüm. Çəkici götürdüm və Saxobatın başının arxa nahiyəsinə zərbə endirdim. Elə həmin vaxt Yekaterina otağa gəldi və çəkiclə Saxobata xəsarət yetirdiyimi başa düşdü. Zərbədən sonra Saxobat divana yıxıldı və baş nahiyəsindən qan gəlməyə başladı. Saxobatın burnundan da qan gəlməyə başladıqda onun öldüyünü anladım”.
“Meyiti hissələrə böldüm, müxtəlif yerlərdə zibil qutularına atdım”
Təqsirləndirilən şəxs bildirib ki, Saxobatın öldüyünü dəqiqləşdirmək üçün onu divandan yerə uzadıb: “Saxobatın əlləri elə başının arxa nahiyəsində qaldı. Bir müddət sonra özümə gəldim və cinayətin izlərini itirmək üçün Saxobatın meyitini yox etmək qərarına gəldim. Saxobatın paltarlarını çıxartdım, Yekaterinaya isə Saxobatın üzərində olan əşyaları - telefonu, qızıl üzükləri, bilərziyi götürməyi dedi. Dəqiq olaraq hazırda hansı əşyaların olduğunu xatırlaya bilməmişəm. Bundan sora Saxobatın meyitini hamam otağına apardım. Yekaterinaya isə aşağı düşərək mağazadan 2 rulon zibil paketi və təmizləyici məhlul almağını dedim. Özüm isə mətbəx otağından bıçağı götürdüm və Saxobatın meyitini doğramağa başladım. Soxabatın baş nahiyəsini ayırdım, sonra bilək nahiyələrindən qollarını, diz nahiyələrindən də ayaqlarını kəsdim. Bədəninin hissələrini, həmçinin əynindən çıxartdığım paltarları Yekaterinanın gətirdiyi paketlərə yığdım. Ağardıcı məhlulu isə əvvəl evi təmizləmək məqsədilə aldırmışdım. Lakin sonra meyitin hissələrinin qoxumağa başlayacığı halda, ətrafda olan itlərin diqqətini cəlb edə biləcəyini düşündüm. Ona görə də meyiti yığdığım paketlərə həmin məhluldan tökdüm. Ümumilikdə 4-5 ədəd paket olub. Gecə saatlarında isə Yekaterina ilə birlikdə həmin paketləri müxtəlif yerlədə olan zibil yeşiklərinə atdım”.
“Məlumatsız olduğumuzu dedik”
Eldarın sözlərinə görə, evə qayıtdıqdan sonra otaqda olan qan izlərinin hamısını yuyaraq təmizləyiblər: “Yekaterina bundan sonra necə olacağını soruşdu. Mən də hələ ki, bilmədiyimi, ancaq bu haqda heç kimə bir söz deməməyini bildirdim. Səhər açıldıqdan sonra əvvəllər restoranda işlədiyim, lakin adını xatırlamadığım iş yoldaşıma zəng vurdum, satılması üçün qızıl bilərziyin olduğunu dedim. Həmin əşyaları dostuma aparsın deyə, Yekaterinaya verdim. Ümumilikdə 15000 rubl pula həmin əşyaları satdıq. Saxobata məxsus mobil telefon isə Yekaterinada qaldı. Həmçinin həmin səhər aşağı düşərkən zibil qutularının artıq təmiz olduğunu gördüm. Bir gün sonra da əldə etdiyim pulla Yekaterina ilə birlikdə Smolensk şəhərinə getdik. Orada Yekaterinanın anasının evində qalmağa başladıq. Bir həftəyə yaxın qaldıqdan sonra yenidən kirayə qaldığımız evə qayıtdıq. Həmin ərəfələrdə Saxobatın adını xatırlamadığım anası bizə gələrək qızını soruşdu. Hadisə günü Saxobat anası ilə telefon vasitəsi ilə danışdı və həmin vaxt bizdə olduğunu, qalacağını, sonra isə Moskva şəhərinə gedəcəyini dedi. Anasına Moskva şəhərinə getdiyini və ondan xəbərsiz olduğumuzu bildirdik. Bundan sonra Saxobatın anası bir-iki dəfə yenə bizə gələrək qızından xəbərimizin olub-olmadığını soruşdu. Biz də məlumatsız olduğumuzu dedik”.
“Münasibətlərimiz soyudu”
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisədən təxminən 3 ay sonra Yekaterinanın hamilə olduğunu öyrənib: “Azərbaycanda ailəmin olduğunu və bu uşağa baxa bilməyəcəyimi bildirdim. Ona uşağı aldırmağı dedim. Yekaterina xəstə olduğunu və uşağı aldıracağı təqdirdə bir daha hamilə qala bilməyəcəyini bildirdi. Mən də artıq qərarı Yekaterinaya buraxdım. Həmin vaxtlar Yekaterinanın anası mənim uşağa sahib çıxmayacağımı bildi və qızını öz yanına çağırdı. Belə-belə Yekaterina ilə münasibətlərimiz soyudu və 2009-cu ilin yay aylarında ayrıldıq. Həmin vaxtlar Yekaterina anasının yanında qaldı. Mən isə Yelena Kirsanova ilə bir yerdə yaşamağa başladım. 2009-cu ilin sonlarında Yekaterinanın övladı dünyaya gəldi. Mən doğum evinə gedərək Yekaterinanı xəstəxanadan çıxararaq evinə apardım. Bir gün qalaraq yenidən kirayə qaldığım evə qayıtdım. Yelena bunlardan xəbərdar olub”.
“Ailəmi təhqir etdi”
Eldarın bildirdiyinə görə, 2010-cu ilin əvvəllərində Bakı şəhərinə gəlib, bir həftə qaldıqdan sonra yenidən Rusiyaya qayıdıb: “Bakıda olarkən nə törətdiyim cinayət hadisəsi barədə, nə orada uşağımın olması barədə heç kimə bir söz deməmişəm. Rusiyaya qayıtdıqdan sonra 15 sentyabr 2014-cü ilədək Yelena ilə birlikdə yaşadım. Həmin dövrdə Yelenanın məndən bir övladı dünyaya gəldi. Törətdiyim hadisə barədə Yelenaya danışıb-danışmadığımı unutmuşam. 2010-cu ildə Rusiyaya qayıdarkən xarici pasportunun müddəti bitməyə yaxın olub və bunun üçün yenidən Azərbaycana qayıdıb, yeni pasport alıb, sonra Rusiyaya getməli olmuşam. Ancaq həmin vaxtlar işlərim orada yaxşı olduğundan qayıtmamışam və pasportumun müddəti bitdiyindən 4 il orada qeydiyyatsız yaşamışam. 2014-cü ildə isə miqrasiya rejimini pozduğuma görə mənə ölkəni könüllü şəkildə tərk etməsi üçün vaxt verildi və yalnız 3 il keçdikdən sonra yenidən Rusiyaya qayıda biləcəyim izah olundu. Yelenaya sənədlərimi qaydasına qoya bilsəm, qayıdacağımı bildirdim. Həmin vaxt Yelena yenə hamilə qalmışdı. Azərbaycanda olarkən telefon vasitəsi ilə Yelena ilə əlaqə saxlamışam. 2015-ci ilin may ayında Yelena uşağı dünyaya gətirdi. Elə həmin vaxt “Skype” proqramı vasitəsi ilə əlaqə saxlayarkən Yelenaya 3 ildən tez Rusiyaya gələ bilməyəcəyimi dedim. Yelena da bundan əsəbiləşərək mənim Azərbaycandakı ailəmi təhqir etməyə başladı. Bundan sonra Yelenaya acıqlandım və bir daha əlaqələrimiz olmadı”.
“Barəmdə araşdırma getdiyini eşitdi”
Eldar bildirib ki, 2014-cü ildə Azərbaycana qayıtdıqdan sonra bir daha Rusiyaya getməyib: “Bakıda öz ailəm ilə yaşamışam. 4 yaşında bir oğlum və 15 yaşında bir qızım olubş Mənim valideynlərim də bizimlə bir yerdə qalıblar. Rusiyada törətdiyim hadisə barədə ailə üzvlərimə heç nə danışmamışam. 2017-ci ildə Rusiya Federasiyasından Azərbaycana sorğu gəldi. Həmin sorğu əsasında məni Xəzər Rayon Polis İdarəsinə dəvət etdilər. Həmin vaxt ailə üzvlərim mənim barəmdə belə bir hadisə ilə bağlı Rusiya Federasiyasında araşdırma getdiyini eşitdi. Ancaq mən törətdiyim cinayət əməlini heç vaxt etiraf edərək onlara deməmişəm”.
“Qızımın öldürüldüyünü bildirdi”
Zərərçəkmiş Saxobatın hüquqi varisi qismində ifadə verən Maxfirat Babayeva bildirib ki, mərhum qızı tələbə olub: “Mən yalnız təqsirləndirilən şəxsi və onun rəfiqəsini tanımışam. Acaq qizim onlara gedib gəlib. Qızım itkin düşəndə onlar mənə tapılacağını bildirdilər. Hətta Eldar və Yekaterina gələrək məndən axtarış üçün pul istədilər. Yəni qızımı 10.000 dollar pulnan Ermənistanda gördüklərini bildirdilər. Mən onlara inandım. Lakin qızımı onların öldürdüyünü bilmədim. 14 ildə qızımı axtarmadığım yer qalmadı. Həyat yoldaşımın ürəyi dözmədi və hadisədən 2 il sonra rəhmətə getdi. Lakin başqa bir müstəntiq qızımın öldürüldüyünü bildirdi”.
100 min manatlıq mülki iddia
Maxfirat Babayeva həmçinin ifadəsində göstərib ki, təqsirləndirilən şəxsə qarşı 100.000 manat pul tələbinə dair mülki iddia qaldırıb: “Həmin məbləğ qızımdan götürülmüş qızılların dəyəri, cinayət nəticəsində mənəvi ziyanın dəyəri və həm də 14 ildə qızımın axtarışları üçün çəkdiyim xərclər daxildir. Məhkəmədən təqsirləndirilən şəxsə ömürlük azadlıqdan məhrum etmə cəza verilməsini və qaldırdığım mülki iddiasının təmin olunmasını xahiş edirəm”.
15 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxs qarşı 17.000 manat maddi və 83.000 manat mənəvi zərərə görə cəmi 100.000 manat pul tələbinə dair mülki iddiası qismən təmin olunub. Maddi zərərə görə 1262 manat və mənəvi zərərə görə 10.000 manat məbləğində pul təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi barədə qərar verilib. Mülki iddia qalan hissədə təmin edilmədən rədd edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb. Bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verilib. Ali Məhkəmədə şikayətə hakim Ələsgər Novruzovun sədrliyi ilə baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti də təmin olunmayıb.