EN

“Babamın cib saatı qardaşımdadır, sabun dükanını satıb məktəbə xərcləyib” - FOTO+ÖZƏL

“Mirzə Ələkbər Sabirdən çox əşyaların qaldığını təəssüf ki, deyə bilməyəcəm. Çünki 18-ci əsrdə baş verən hadisələr nəticəsində babamın Şamaxıdakı evi də dağılıb. Amma sevindirici bir məqam odur ki, Sabirin cib saatı olub və o hazırda mənim qardaşımdadır. Bir də Sabirə aid əlyazmalar var. O da mənim atamın arxivindədir. Bunlardan başqa onu bizə xatırladacaq özünəməxsus bir əşyası yoxdur”
 
Bunu Moderator.az-a açıqlamasında Mirzə Ələkbər Sabir Fondunun təsisçisi, biologiya üzrə fəlsəfə doktoru Sevda Tahirli deyib.
 
O daha sonra babası ilə bağlı məqamları bölüşüb:
 
“Mənbələrdə göstərirlir ki, Sabir çox kasıb şair olub. Bunun da səbəbi var. Sabirin təbliğatı daha çox Sovet dönəminə düşmüşdü. Sovet illərində fəhlə və kəndli tərəfdarı olan bir şairi təbliğ etmək üçün onu elə kasıb göstərmək məqsədəuyğun idi. Amma atam hər zaman üsyan edirdi ki, Sabir kasıb olmayıb. Hər zaman da deyirdi, kasıb olmaq ayıb deyil. Amma həqiqəti də bilmək Sabirsevərlərin haqqıdır. Sabir varlı da olmayıb. Hədsiz var-dövləti də olmayıb. Sabir sabun istehsal edirdi və öz dükanında satırdı. Şamaxıda bir müddət ona qadağalar qoyuldu və onu sıxışdırmaq istədilər, o bu anda dükanını satdı. Dükandan əldə etdiyi maliyyəni yeni tərzdə məktəbin açılmasına xərclədi. Çünki bilirdi ki, uşaqların gələcəyi elmdə, savaddadır. Sabir elmə, yeniliklərə, kəşflərə çox açıq idi. O özü də bir neçə dil bilirdi, tərcümə edirdi” deyə nəvəsi bildirib.
 
Sevda Tahirli atası, tanınmış filoloq Məmmədsəlim Tahirlidən də danışıb:
 
“Bir şeyə əmin oldum ki, həqiqətən də ən gözəl tərbiyə şəxsi nümunədir. Atam söz deməkdən çox özünün davranışını sərgiləyirdi. Sərgiləmək də demək olmaz. Onun varlığı bu idi. O belə formalaşmışdı. Bu insan çox gözəl və yüksək empati duyğusuna malik idi. Hansısa insanın problemini ona bildirmədən, minnət etmədən həll etməyə çalışardı. Ondan nəsə xahiş etmək lazım deyildi. Tanımadığı insanlar qapını döyüb ondan nəsə istəyirdilərsə, həmin işin üstünə düşürdü. O sərtlik içərisində pozitivliyi qoruyub saxlayırdı. Atamdan hər kəsə diqqət göstərmənin yanında tələbkarlığı öyrəndim. Düzlüyü, sədaqətliyi öyrəndim. Ailədən gələn dəyərlərə sədaqət göstərməyi bacarırdı. Hər zaman da çalışırdı ki, atasının adına layiq olsun. Düzdür, hər zaman özünü layiqli bilmirdi, “mən hələ az etmişəm” deyirdi. Adam o qədər təvazökar idi ki, elədiyini belə yetərli hesab etmirdi” deyə Mirzə Ələkbər Sabirin nəvəsi bildirib.
Chosen
86
14
moderator.az

10Sources