EN

Rəsmi nikah olmadan  aliment almaq mümkündür?- Hüquqi rəy

“Rəsmi nikah olmadan da aliment tələb etmək mümkündür. Bunun üçün əsas şərt – atalığın müəyyən olunmasıdır”.
Bunu  Moderator.az-a vəkil  Arzu Alıyeva deyib.
Onun sözlərinə görə,  atalığın müəyyən olunması o deməkdir ki, ər-arvad kimi birlikdə yaşayan şəxslər rəsmi nikahda olmasalar da, uşağın atası hüquqi cəhətdən tanınmış sayılır. Belə hallarda atalıq iki yolla müəyyən edilir:
"Könüllü qaydada: Ata Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinə (VVAQ) müraciət edir, ərizə yazır və şəxsiyyət vəsiqəsini təqdim edir. Ərizədə bildirir ki, bu uşağın atası odur. Uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında həmin şəxsin adı və soyadı göstərilir. Bu halda, rəsmi nikah olmasa da, atalıq müəyyən olunmuş sayılır və həmin şəxs uşağın qanuni atası kimi aliment ödəməyə borcludur.
Məhkəmə qaydasında: Əgər ata könüllü şəkildə ərizə vermirsə və uşağın atası olduğunu qəbul etmirsə, ana məhkəməyə müraciət edir. Məhkəmədə təqdim olunan sübutlar əsasında uşağın atası müəyyən olunur. Məhkəmə qərarı ilə uşağın ata qrafasında həmin şəxsin adı və soyadı yazılır və atalıq müəyyən olunur. Bu halda da, rəsmi nikah olmasa belə, həmin şəxs aliment ödəməyə məcbur olur”.
 
Vəkil sözünə davam edərək vurğulayıb ki, bəzən rəsmi nikah olmur, ana uşağın atasının adını sənədlərə yazdırır, amma uşağın soyadı ananın soyadı olaraq qalır:
“Bu halda atalıq müəyyən olunmamış sayılır. Belə vəziyyətdə, ana uşağın faktiki atasından aliment tələb edə bilmir. Çünki atalıq hüquqi cəhətdən müəyyən olunmamış olur”.
Vəkil sonda qeyd edib ki, uşağın ata qrafasında atanın adı yazılsa belə, əgər uşağın soyadı ananın soyadı olaraq qalırsa, bu, atalığın müəyyən olunduğu anlamına gəlmir. Bu halda aliment tələb etmək hüququ yaranmır.
Mehin Mehmanqızı 
 
Chosen
283
20
moderator.az

10Sources