2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 15-ci tura start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması səfərdə Çili yığmasına minimal hesabla qalib gəlib.
Paraqvay yığması evdə Uruqvay millisi üzərində inamlı qələbəyə sevinib.
Braziliya miillisi isə Ekvador yığmasının qonağı olub. Yeni baş məşqçisi Karlo Ançelottinin rəhbərliyi altında ilk oyununa çıxmış braziliyalılar italyan mütəxəssisin debütündə qolsuz heç-heçə ilə kifayətləniblər.
Bu turun Kolumbiya – Peru və Venesuela – Boliviya matçları bu gecə keçiriləcək.
Qeyd edək ki, DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci-altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
15-ci tur
6 iyun
Ekvador – Braziliya 0:0
Paraqvay – Uruqvay 2:0
Qollar: Qalarsa, 13. Enkizo, 81-pen.
Çili – Argentina 0:1
Qol: X.Alvares, 16.
7 iyun
00:00. Kolumbiya – Peru
02:00. Venesuela – Boliviya
Xallar: Argentina – 34. Ekvador – 24. Paraqvay – 24. Braziliya – 22. Uruqvay – 21. Kolumbiya – 20. Venesuela – 15. Boliviya – 14. Peru – 10. Çili – 10.