"Football-plus.az" xəbər verir ki, təcrübəli forvard ''Barselona''nın heyətində heç də pis mövsüm keçirmədi. Düşünmək olardı ki, Leva kapitanı olduğu Polşa yığmasına problemsiz çağırılaraq iyundakı oyunlarda komandaya yardım edəcək. Amma 37 yaşlı hücumçu sürpriz şəkildə yığmaya dəvət almadı.
Baş məşqçi Mixal Probej tərəfindən müəyyənləşdirilən heyətdə Levandovskiyə yer tapılmadı. Futbolçu bunu fiziki və psixoloji yorğunluqla izah etdi. Levandovskinin Polşa mətbuatına verdiyi açıqlamadan belə qənaətə gəlmək olardı ki, o özü baş məşqçidən iyundakı oyunlar üçün onu yığmaya çağırmamağı xaiş edib. Amma məsələ bununla bitmədi. Çox keçmədən Levandovskinin yığmada kapitan statusunu itirdiyi məlum oldu! Probejin qərarı ilə yığmada kapitan sarğısını bundan sonra ''İnter''li Pyotr Zelinski daşıyacaq.
Dünən isə Levandovskidən sürpriz bir paylaşım gəldi. O öz səhifəsində paylaşım edərək Mixal Probej baş məşqçi olduğu müddətdə yığmada oynamayacağını açıqladı:
''Yaranmış vəziyyəti və yığmanın baş məşqçisinə olan inamımın itdiyini nəzərə alaraq onun işini davam etdirdiyi müddətdə yığma komandada oynamamaq qərarına gəlmişəm. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı azarkeşləri üçün yenidən oynamaq fürsətim olacaq''.
Mixal Probej 2023-ün sentyabrından Polşa yığmasında çalışır. Komanda bu məşqçi ilə AÇ-2024-də çox uğursuz çıxış edərək turniri ən erkən tərk edən kollektiv oldu. Buna baxmayaraq federasiya məşqçiyə tam güvəndiyini açıqladı. Görünür, Probej son addımı ilə yığmada radikal dəyişikliklər etdiyini və artıq Levandovskiyə ehtiyac duymadığını göstərmək istədi.
Levanın 2008-ci ildən şərəfini qoruduğu Polşa yığmasında indiyə qədər 85 qol vurduğunu bildirək.