EN

Dostu ilə birlikdə mal-qara bazarına gedərkən ağır qəza törədən 33 yaşlı oğlana hökm oxundu

BAKI, 10 iyun. TELEQRAF

Beyləqan rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü İmamqulu Kərimovun cinayət işinə baxılıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 11-də Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu Mil qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Beyləqan rayon sakini İmamqulu Kərimovun idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə 1981-ci il təvəllüdlü Qalib Əliyevin idarə etdiyi “VAZ 21 06” markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillərdə olan 4 sərnişin ağır xəsarət alıb, sürücülərdən Qalib Əliyev isə ölüb.

Hadisənin törədilməsində günahkar bilinən Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kərimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, özünə məxsus “VAZ 2106” markalı avtomobili var, həmin avtomobili 2024-cü ilin aprel ayında alıb: “Avqustun 11-də, səhər saat 6 radələrində qonşum və dostum Elvin ilə birlikdə Füzuli rayonunda yerləşən mal-qara bazarına yola düşdük. Bu zaman avtomobili mən idarə etmişəm. Elvin isə qabaq sərnişin oturacağında əyləşib. Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Beyləqan rayonu, Mil qəsəbəsi ərazisindən keçən hissəsində Horadiz istiqamətində təxminən saatda 60-70 kilometr sürətlə hərəkətdə olan zaman qarşıda bir “Qazel” markalı yük avtomobili hərəkətdə olub. Həmin avtomobilə çatdıqda ötərək keçmək istədim. Buna görə də sola dönmə işığını yandıraraq “Qazel” markalı avtomobili ötmə əməliyyatı etməyə başladım. Həmin avtomobili ötmə əməliyyatı etməyə başlayarkən qarşı hərəkət zolağına çıxdıqda əks istiqamətdə “VAZ 2106” markalı avtomobilin gəldiyini gördüm. Qarşıdan avtomobil gəldiyini gördükdə ötmə əməliyyatını tamamlamaq üçün avtomobili sürətləndirdim. Buna baxmayaraq avtomobili ötmə əməliyyatını tamamlaya bilmədim və öz hərəkət zolağıma qayıda bilmədim. Bu zaman qarşıdan gələn “VAZ 2106” markalı avtomobilin mənə çatdığını gördüm. Həmin avtomobil mənə çatdığı üçün onunla toqquşacağımı bildim və toqquşmamaq üçün avtomobili yolun sol tərəfində yolun ehtiyat hissəsinə istiqamətləndirdim. Bu zaman qarşıdan gələn avtomobilin sürücüsü də öz idarə etdiyi avtomobili həmin yerə istiqamətləndirdi. Buna görə də qəzanın baş verməsinin qarşısını ala bilmədim və idarə etdiyi avtomobillə qarşıdan gələn “VAZ 2106” markalı qarşı-qarşıya toqquşduq”.

Təqsirləndirilən şəxs qeyd edib ki, toqquşmanın təsirindən toqquşduğu avtomobil geriyə hərəkət edib və yolun sağ tərəfində ehtiyat hissədə dayanıb: “Bu zaman mənim avtomobilim alışdı və yanmağa başladı. Hadisə baş verəndən sonra ətrafdan tanımadığım şəxslər avtomobilə yaxınlaşdı və mənimlə Elvini avtomobildən çıxardılar. Həmin vaxt ətrafda olan şəxslər toqquşduğum avtomobilin içərisində olan 3 nəfər şəxsi də avtomobildən çıxardılar. Toqquşmadan sonra mənə məxsus avtomobil tamamilə yanaraq yararsız vəziyyətdə düşdü. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobilləri gəldi və bizi Beyləqan rayon mərkəzi xəstəxanasına gətirdilər. Xəstəxanaya çatan zaman toqquşduğu avtomobilin sürücüsü almış olduğu xəsarətlərdən öldüyünü öyrəndim”.

Zərərçəkmiş Qabilin hüquqi varisi qismində ifadə verən həyat yoldaşı da bildirib ki, əri hadisədən əvvəl mal-qara bazarına gedib. O, hadisənin ərinin bazardan qayıdan zaman baş verdiyini bildirib.

Bu cinayət işinə Beyləqan Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Kərimov 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib və 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası alıb.

Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Chosen
100
5
teleqraf.com

10Sources