EN

Aqil Nəbiyev: “Komandamızın böyük potensialı var”

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev Gürcüstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Gürcüstanın U-17 yığmaları ötən gün Qəbələ şəhər stadionunda yoxlama oyununda üz-üzə gəliblər.

Tərəflər bu oyundan 1:1 hesablı bərabərliklə ayrılıblar. Aqil Nəbiyev oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Gösərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

Xatırladaq ki, U-17 millimiz toplanış çərçivəsində Qazaxıstan yığmasına 2:0 hesabı ilə qalib gəlib, Gürcüstan seçməsi ilə 1:1 hesablı heç-heçə edib.

Chosen
33
9
arena.az

10Sources