"Maraqlı oyun oldu. Matça yaxşı hazırlaşmışdıq, rəqibi düzgün təhlil etmişdik. Qol imkanlarımız olsa da, yararlana bilmədik".

Offsideplus.az xəbər verir ki, sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Gürcüstanın yığması ilə yoxlama matçından (1:1) sonra deyib.

AFFA-nın mətbuat xidmətinə danışan çalışdırıcı gürcülərin heç-heçəyə görə sevindiklərini bildirib: "Gürcüstan yığması heç-heçəyə görə sevinirsə, deməli, düzgün yoldayıq. Həm Qazaxıstan, həm də Gürcüstanla matçda yaxşı mübarizə apardıq. Komandamızın böyük potensialı var. Göstərdikləri xarakterə görə uşaqları təbrik etdim. Onların inkişafı üçün daha çox toplanışlar olmalıdır. Bu kollektivlə böyük işlər görə biləcəyimizə inanıram. Müəyyən zaman lazımdır”.

Qeyd edək ki, U-17 yığmamız toplanış çərçivəsində Gürcüstanla oyundan öncə Qazaxıstan komandasına 2:0 hesabı ilə qalib gəlib.