EN

Qərbi Azərbaycana qayıdış tədricən dünyada tanınan məsələyə çevrilir...


Rauf Zeyni: “Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində bir çox ölkələrdə...”

“Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunun artıq 3 ildir Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biri olduğunu bildirib.

Deyib ki, bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib: “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”.

Məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək.

Agentliyin departament direktoru Elnur Bağırlı qeyd edib ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir. “Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”, - deyə o vurğulayıb.

Qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək.

Bildirilib ki, “Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək.

Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib.

Qərbi Azərbaycana qayıdış mövzusunda layihə icra edən QHT-lərin xaricdəki fəaliyyəti, beynəlxalq aləmdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər nə kimi real nəticə verir və bu informatik təbliğat müstəvisində ortaya nə qoya bilir? Bu, Qərbi Azərbaycana qayıdışın gerçəkləşdirilməsində nə kimi rol oynayacaq?

“Bunlar hamısı bir mərkəzdən idarə olunsa və bir komanda şəklində həyata keçirilsə daha effektiv olar”

Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Qərbi Azərbaycan mövzusu Qarabağ mövzusu kimi əvvəl Dövlət Dəstəyi Şurasının, indi də Dövlət Dəstəyi Agentliyinin daim diqqətindədir. “Bildiyiniz kimi, yüzlərlə qeyri-hökumət təşkilatı bu mövzu ilə əlaqədar olaraq Agentliyə layihələr təqdim edir və bu layihələr də agentlik tərəfindən maliyyələşdirilir, o layihələrə maliyyə dəstəyi verilir. Onlar da müxtəlif ölkələrdə müxtəlif mövzularda əsasən maarifçilik tədbirləri həyata keçirirlər, bununla da dünya ictimaiyyətinin rəyini dəyişmək istəyirlər. Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində bir çox ölkələrdə, ABŞ-da, Avropa dövlətlərində tədbirlər keçirilir ki, həm Azərbaycanın haqq səsini dünya ictimiayyətinə çatdırsınlar, eyni zamanda Qərbi Azərbaycan mövzusunu beynəlxalq gündəmə gətirsinlər, Qərbi Azərbaycana qayıdış konsepsiyasının müddəalarını iştirakçıların diqqətinə çatdırsınlar. Bu, əlbəttə təqdirəlayiqdir. Layihələrin mövzusundan, onların keyfiyyətindən öncə bu tədbirlərin keçirilməsi çox vacibdir, əhəmiyyətlidir.

Qaldı bu layihələrin daha yüksək səviyyədə həyata keçirilməsinə, dəfələrlə demişəm, yenə də deyirəm, erməni lobbisi bu məsələlərə milyardlarla dollar vəsait sərf edir, bizim vəsaitimiz hələ kifayət qədər azdır, bu məsələlərlə əlaqədar olaraq vəsait artırılmalıdır. Əlbəttə, Dövlət Dəstəyi Agentliyi bu layihələri Qərbi Azərbaycan İcması ilə bir yerdə həyata keçirməlidir, biz birlikdə güclüyük. Bütün mənalarda əməkdaşlıq, tərəfdaşlıq olmalıdır, biz bunun nəticəsində vəsaitlərdən daha səmərəli istifadə etməliyik, daha effektiv layihələrin həyata keçirilməsini təmin etmək üzərində işləməliyik. Bununla əlaqədar olaraq təkcə müsabiqə yolu ilə yox, burda həm də dövlət sifarişi səviyyəsində araşdırmalar, analitik təhlillər, müvafiq layihələr, mövzular Dövlət Agentliyi tərəfindən təklif olunur, o mövzular üzərində də layihələr təqdim olunur. Belə düşünürəm ki, bunlar hamısı bir mərkəzdən idarə olunsa və bir komanda şəklində həyata keçirilsə daha effektiv olar. İnanıram ki, gələcək illərdə biz bu məsələlərin hamısını nəzərə almalıyıq. Çünki Qərbi Azərbaycana qayıdış bir təşkilatın, bir dövlət qurumunun, yaxud bir icmanın məsələsi deyil, bu bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin məsələsidir. Ona görə də buna kompleks yanaşma tələb olunur”-deyə R.Zeyni qeyd etdi.

İradə SARIYEVA

Chosen
55
23
baki-xeber.com

10Sources