AZ

Qərbi Azərbaycana qayıdış yalnız yol deyil, haqdır - ANALİZ

QHT-lər Qərbi Azərbaycan ideyasını beynəlxalq platformalarda təbliğ edir 

İyunun 11-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinq keçirib. Əvvəlcə çıxış edən Agentliyin icraçı direktoru Aygün Əliyeva “Qərbi Azərbaycana qayıdış” mövzusunun artıq 3 ildir Agentliyin qrant müsabiqələrinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu müddət ərzində 50 QHT-nin “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya - Qayıdış Konsepsiyası”nın müvafiq müddəaları ilə əlaqədar 54 təşəbbüsü dəstəklənib. 

Hesabat dövründə Azərbaycan QHT-ləri beynəlxalq kürsülərdə - BMT-nin, ATƏT-in müxtəlif toplantılarında, xarici ölkələrdə bu mövzuda məsələlər qaldırıb, ictimai diskussiyalar açıb, yan tədbirlər təşkil etməyə nail olublar. Ümumilikdə bu tədbirlər ABŞ, Belçika, İspaniya, Rumıniya, Polşa, Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələri əhatə edib: “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə QHT-lərin indiki miqyasda fəallığı heç vaxt olmayıb. Azərbaycanın vətəndaş cəmiyyəti təsisatları haqlı olaraq, bu mövzuya Qarabağ və Şərqi Zəngəzurun azadlığından sonra milli ideyanın yeni hədəfi kimi yanaşır, bu ümumxalq arzusunu reallığa çevirmək üçün imkanlarını səfərbər edir”. Məlumat verilib ki, Agentliyin 2025-ci il qrant müsabiqəsində “Qərbi Azərbaycana qayıdış: maddi-mədəni irs və hüquqlar” istiqaməti üzrə daha 51 QHT-nin layihəsi dəstəklənib. İl ərzində bu mövzuda beynəlxalq təşkilatlar, Avropa və Türk dünyası regionlarında onlarla konfrans, sərgi və müxtəlif tədbirlər keçiriləcək. Agentliyin departament direktoru Elnur Bağırlı qeyd edib ki, builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında izahına üstünlük verilməsi müşahidə edilir. “Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq. "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir. Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”. Qeyd olunub ki, QHT-lərin layihələri çərçivəsində “Qərbi azərbaycanlıların Qars köçü” mövzusunda sənədli film də hazırlanır. Azərbaycan Ədəbiyyatı Fondu isə “Qərbi Azərbaycan əsərlərdə” layihəsi çərçivəsində yeni bədii əsərin təqdimatını edəcək. Bildirilib ki, “Elmi Araşdırmalar” İctimai Birliyinin “İrəvan: hər daşı tarix”, "Dünya Gənc Türk Yazarlar" İctimai Birliyinin “Türk dünyasında Qərbi Azərbaycan mövzusu” və digər layihələr Qərbi Azərbaycanın maddi-mədəni irsinə qarşı vandalizmin hüquq müstəvisində və digər aspektlərdən qiymətləndirilməsinə töhfə verəcək. Brifinq çərçivəsində “Qərbi Azərbaycana qayıdış” mövzusunda Agentliyin dəstəyi ilə ərsəyə gətirilmiş layihələrin nəticələrinə dair sərgi də təşkil olunub. Qeyd edilib ki, bu mühüm xətt üzrə son illər QHT-lər 200-dən çox məqalə ilə çıxış edib, 15 kitab nəşr edib. “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin “İrəvan: tariximiz, torpağımız, taleyimiz”, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin “İrəvan: tarixi həqiqətlər və şəxsiyyətlər” kitabları bu qəbildəndir. Sərgidə təqdim olunan materiallarda Qərbi Azərbaycan mövzusu tarixi ədalət, qayıdış hüququ, fundamental insan hüquqları, etnik təmizləmənin ifşası, monoetnik dövlətdə siyasi və hüquqi mübarizə obyekti, regionda sabitliyə töhfə verən konsepsiya kimi təqdim edilib. Sonda Qərbi Azərbaycan mətbəxinə dair qənnadı nümunələri iştirakçılara təqdim olunub.


Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli "Sherg.az"a deyib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycana qayıdış” mövzusunda QHT-lərə dəstəyini çox yüksək qiymətləndirir. R.İsgəndərli hesab edir ki, QHT-lər bu sahədə aktiv olmalıdır: 

"Qərbi Azərbaycana qayıdış məsələsi ümummilli məsələ olduğuna görə, burada həm dövlət, həm qeyri-hökumət təşkilatları, həm müvafiq, spesifik qurumlar, birbaşa bu məsələ ilə məşğul olan Qərbi Azərbaycan İcması, ali təhsil müəssisələri, cəmiyyətin bütün sektorları bu narrativin həyata keçirilməsində aktiv rol oynamalıdır və oynayırlar. QHT-lər beynəlxalq arenada, BMT, ATƏT kimi dövlətlərarası qurumlarda, o cümlədən də beynəlxalq qeyri-hökumət təşkilatları çərçivəsində Qərbi Azərbaycana qayıdış məsələsini gündəmə gətirirlər. Onlar bu barədə məlumatlar əldə edir, maariflənirlər. Beynəlxalq səviyyədə Qərbi Azərbaycan məsələsi barədə fikir formalaşır. Bizim özümüz də, həm Milli QHT Forumu olaraq Cenevrədə, Nyu-Yorkda, Vyanada və digər BMT ofislərində, İnsan Hüquqları Şurası və ATƏT çərçivəsində keçirilən sessiyalarda spesifik mövzularla bağlı fikir bildirəndə hökmən Qərbi Azərbaycana qayıdış məsələsi də qabardılır. Beynəlxalq insan hüquqları konvensiyalarında, eyni zamanda ümumdünya insan hüquqları bəyannaməsində nəzərdə tutulan qayıdış və hərəkət azadlığı hüququ, eyni zamanda kompensasiya almaq, adekvat yaşayış və mənzil hüququ çərçivəsində QHT-lər Qərbi Azərbaycana qayıdış məsələsini qaldırırlar. Hesab edirəm ki, QHT-lərin bu məsələdə aktiv olmağı Qərbi Azərbaycana qayıdış prosesinin də tezləşdirilməsinə dəlalət edə bilər".

Seçilən
52
23
sherg.az

10Mənbələr