İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi hava zərbələri zamanı hədəflər arasında aparıcı iranlı nüvə fizikləri və Natanz şəhərindəki uranı zənginləşdirmə obyekti də olub.
Operativ Media xəbər verir ki, bunu, İsrailin Baş naziri Benyamin Netanyahu xalqa fövqəladə televiziya müraciətində bildirib.
“Biz İranın uranı zənginləşdirmə proqramının mərkəzinə zərbə vurduq, İranın nüvə silahı proqramının mərkəzinə zərbə vurduq, Natanzdakı əsas zənginləşdirmə obyektinə hücum etdik, İran bombası üzərində çalışan aparıcı nüvə fiziklərini hədəf aldıq, həmçinin İranın raket proqramının mərkəzinə də zərbə endirdik”, – deyə Netanyahu bildirib.
Netanyahunun sözlərinə görə, son illərdə İran doqquz nüvə bombası istehsalı üçün kifayət qədər yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı toplayıb. “Əgər dayandırılmasaydı, İran qısa müddət ərzində nüvə silahı yarada bilərdi. Bu müddət bir il, bəlkə də bir neçə ay ola bilərdi. Bu, İsrailin mövcudluğu üçün açıq-aşkar təhlükədir”, – deyə o əlavə edib.
Netanyahu həmçinin bildirib ki, Tehran nüvə proqramı ilə bağlı problemi ABŞ-ylə aparılan danışıqlar yolu ilə həll etmək niyyətində olmayıb. “Bu gün aydındır ki, İran sadəcə vaxt udur. O, sülhpərvər millətlərin əsas tələbi olan uranın zənginləşdirilməsindən imtina etmək şərtini qəbul etməkdən boyun qaçırır. Məhz buna görə bizim hərəkətə keçməkdən başqa yolumuz qalmadı və bunu indi etmək məcburiyyətində idik”, – deyə İsrail baş naziri vurğulayıb.