EN

Uolker: Tramp Putinin nə etdiyini qəbul etmək istəmir və bu, problemdir

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Uolker bildirib ki, Rusiya prezidenti Vladimir Putin atəşi dayandırmaqdan imtina edir və müharibənin dayandırılması üçün Amerikanın səylərinə reaksiya vermir...

Poliqon xəbər verir ki, Uolker bu barədə Qlavkom nəşrinə danışıb.

O, qeyd edib ki, ABŞ-ın prezidenti Donald Tramp Ukraynaya qarşı müharibədə Putinin nə etdiyini qəbul etmək istəmir və bu, ciddi problemdir.

Trampın "Ukrayna Putinə özünü bombalamağa səbəb verdi" fikrini Volker "dəhşətli" adlandırıb. Bu açıqlama Rusiyanın Ukraynaya kütləvi raket zərbələri endirdiyi bir vaxtda səslənib:

"ABŞ prezidentinin bu cür açıqlaması Rusiyanın hər gün Ukraynanı bombaladığı faktını görməzdən gəlməkdir: yalnız Kiyev və Xarkova 500-ə yaxın dron hücumu olur. Bu, yeni bir hal deyil. Trampın şərhi Ukraynada baş verənləri yanlış təsvir edir. Putinə Ukraynanı bombalamaq üçün bəhanə lazım deyil. O, bunu mütəmadi edir, çünki bu, onun seçimidir. Putin Ukraynanı bombalamaq, Rusiya imperiyasını bərpa etmək, Ukraynanı və onun milli kimliyini məhv etmək istəyir. O, bu məsələdə ardıcıl və qətiyyətlidir. Tramp isə Putinin nə etdiyini qəbul etmək istəmir və bu, problemdir".

ABŞ prezidentinin tərəfini soruşduqda, Uolker cavab verib ki, Tramp yalnız Amerikanın tərəfindədir. Onun sözlərinə görə, Tramp Rusiya ilə Ukrayna arasındakı müharibəni ABŞ-ın maraqlarına daxil olan bir məsələ kimi görmür:

"Tramp bu müharibəni dəhşətli sayır. Müharibə həm Ukraynaya, həm Rusiyaya, həm də beynəlxalq ticarətə zərər verir. Buna görə də o, müharibəni bitirmək istəyir, amma onun necə bitəcəyi Trampı maraqlandırmır".

Jurnalist qeyd edib ki, ABŞ administrasiyası Ukraynadan uzaqlaşmaq istiqamətində siqnallar verir. Məsələn, ABŞ müdafiə naziri Pit Hegset NATO-ya üzv 50 ölkənin müdafiə nazirlərinin Brüsseldəki görüşündə iştirak etməyib. Volker bu məsələ ilə bağlı deyib:

"Düşünürəm ki, siz haqlısınız. Nazir Pit Hegset bu görüşə qəsdən getməyib. O, Avropaya bir siqnal göndərmək istəyir: Avropa liderliyi öz üzərinə götürməlidir, çünki ABŞ onsuz da kifayət qədər iş görür. Avropa daha çox məsuliyyət daşımalıdır".

Bununla belə, Kurt Volker Vaşinqtonun Kiyevdən uzaqlaşdığı qənaətinə gəlməyə tələsməməyi tövsiyə edib. O qeyd edib ki, ABŞ Ukraynaya silah tədarükünü davam etdirir və Rusiyaya qarşı sanksiyaları ləğv etməyib.

"Biz əlavə sanksiyaları da nəzərdən keçiririk. Putin atəşkəsdən imtina edir və ABŞ-ın müharibəni dayandırmaq səylərinə reaksiya vermir. Tramp, əslində, əlavə sanksiyalar tətbiq etməyin, Ukraynaya daha çox silah göndərməyin və ya Ukraynanın əlavə ABŞ silahı almasına icazə verməyin yolunu tapa bilər. Bu, ABŞ vergi ödəyicilərinin hesabına deyil, başqa üsulla baş verə bilər və bu, kifayət qədər real ssenaridir", – deyə Volker bildirib.

Poliqon.info

Chosen
38
poliqon.info

1Sources