İranın BMT yanındakı Daimi Nümayəndəliyi qurumun Təhlükəsizlik Şurasına məktub ünvanlayıb.
"Report" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, məktubda İsrailin İrana hücumuna cavab vermək üçün fövqəladə iclas tələb edilib.
"İranın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasının (TŞ) sədrinə ünvanlanmış rəsmi və təcili məktubunda ABŞ-nin dəstəyi ilə İsrailin ölkəmizin dinc nüvə qurğularına və yüksək rütbəli rəsmilərinə qarşı hücumunu şiddətlə qınayaraq TŞ-nin təcili fövqəladə iclasının keçirilməsini və bu beynəlxalq qurumun sözügedən hərəkətlərə qarşı qəti tədbirlər görməsini tələb edib", - məlumatda qeyd olunub.
Məktubda o da vurğulanıb ki, İsrail qanunsuz və əvvəlcədən planlaşdırılmış hərəkətlə İranın nüvə mərkəzlərinə və mülki infrastrukturuna qarşı koordinasiyalı hərbi hücumlar seriyasını həyata keçirib:
"Bu hərəkətlər BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin açıq pozuntusu hesab edilir və onun təhlükəli nəticələri regional və beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir."