Çin Xarici İşlər Naziri Van Yi bəyan edib ki, bəzi böyük ölkələr gömrük rüsumlarını silah kimi istifadə edir və milli maraqlarını hər şeydən üstün tutur.
Fransanın paytaxtı Parisdə görüşən Fransa Xarici İşlər Naziri Jan-Noel Barro və Çin Xarici İşlər Naziri Van Yi birgə mətbuat konfransı keçiriblər.
Van fransalı nazir ilə iki ölkə arasında insan axını məsələsini müzakirə etdiklərini bildirib.
Dünyanın hazırda dəyişikliklər və çalxantılarla üzləşdiyini hər kəsin qəbul etdiyini deyən Van, belə bir şəraitdə böyük ölkələrin üzərlərinə düşən məsuliyyəti dərk etməli olduğunu vurğulayıb.
O, Fransa və Çinin BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) üzvü olduğunu xatırladaraq, “Birləşmiş Millətlər Təşkilatının quruluş missiyasını davam etdirməliyik”, – deyə bildirib.
İki ölkənin dünyada sabitliyə, sülhə və inkişafa töhfə verməli olduğunu qeyd edən Van “Fransanın "Vahid Çin" siyasətinə sadiqliyini bir daha ifadə etməsindən məmnunuq” deyə əlavə edib.
Van həmçinin ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, Yaxın Şərqdəki müxtəlif məsələlərin həlli prosesində də rol almaq üçün Fransa ilə strateji kommunikasiyanı gücləndirməyə hazır olduğunu bildirib.
İranın ali rəhbərlərinin nüvə silahı hazırlamamaq barədə öhdəliklərini çox ciddi qəbul etdiklərini vurğulayan Van, bu ölkənin nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququna hörmət etdiklərini bildirib.
Van İsrailin İrana hücumunun qanuni bir əsasının olmadığını vurğulayaraq, İranın nüvə proqramının yeni bir razılaşma ilə danışıqlar yolu ilə həll edilə biləcəyini qeyd edib.
İsrailin Qəzzadakı hücumlarının dayandırılmalı olduğunu bildirən Van “Humanitar fəlakətə son qoyulmalıdır,” – deyib.
Fransanın Çin şirkətlərinə ədalətli və şəffaf bir mühit təqdim edəcəyinə ümid etdiklərini bildirən Van “Hazırda bəzi böyük ölkələr gömrük rüsumlarını silah kimi istifadə edir, iqtisadi və ticarət əməkdaşlığı çərçivəsində təhlükəsizlik anlayışından sui-istifadə edir və milli maraqlarını hər şeydən üstün tutur. Bu cür addımlar sənaye sahəsində təchizat zəncirinin sabitliyini ciddi şəkildə pozur və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına ciddi zərər vurur”