EN

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Bakı, 13 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, FHN-in təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin açılışında çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Sonra yarışa start verilib. Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. Yarışda Bakı Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələrinin komandaları iştirak ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Yasamal rayon 31 nömrəli tam orta məktəb I, Sabunçu rayon 169 nömrəli tam orta məktəb II, Xəzər rayon 117 nömrəli tam orta məktəb III yerə layiq görülüb.

Qeyd edək ki, yarışda ilk 2 yeri tutan komandalar “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

 

 

Chosen
46
8
azertag.az

10Sources