Bakı, 11 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi təşkil edilib.
FHN-in təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.
Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələrinin qatıldığı yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub
Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası I, Ağdam rayon Quzanlı qəsəbə tam orta məktəbin komandası II, Tərtəri şəhər 1 nömrəli tam orta məktəbin komandası III yerə layiq görülüb
Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.