Şanlı Zəfərimizin yaratdığı reallıqlar fonunda atılan addımlar sırasında 15 iyun 2021-ci il tarixdə imzalanan Şuşa Bəyannaməsi tariximizin mühüm hadisəsi kimi daim vurğulanır. Milli Qurtuluş Gününə təsadüf edən bu sənəd dərin köklərə malik olan, tarixin sınaqlarından şərəflə çıxan Azərbaycan və Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı bu Bəyannamə iki dost ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Şuşa Bəyannaməsində yer alan günümüzün aktual məsələləri sırasında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətlərini, eyni zamanda, media sahəsində əməkdaşlığı da xüsusi qeyd etməliyik. Azərbaycan-Türkiyə Media Platformasının yaradılması strateji qərar olmaqla hər iki dövlətin maraqları baxımından perspektivlərə hesablanıb. Reallıq budur ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə yanaşı, qardaş ölkəyə qondarma “erməni soyqırımı” məsələsi ilə çıxış edir. Türkiyə bu məsələnin həlli ilə bağlı tarixçilərdən ibarət Azərbaycan-Türkiyə birgə komissiyasının yaradılması və dünya arxivlərinin açılması təşəbbüsünü irəli sürsə də qarşı tərəf fakt qarşısında acizliyini dərk etdiyi üçün müxtəlif bəhanələrlə bu məsələdən yayındığını, bununla tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bəyan etməklə illərdir apardıqları təbliğatın saxtalığını təsdiqləyir. Beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edərək dünyaya ədalət, beynəlxalq hüquq anlayışlarının mahiyyətini və mövcudluğunu çatdıran iki qardaş ölkə həm diaspor təşkilatlarının birgə fəaliyyətini genişləndirməklə, həm də yaratdıqları Media Platforması ilə həqiqətlərinin təbliğində uğurlara imza atırlar. Şuşa Bəyannaməsində bu müdda əks olunub ki, tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcək və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcək. Ümumilikdə Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin bütün istiqamətlərdə təsdiqi və bu birliyin sarsılmazlığının, hər iki ölkənin daim bir-birinin yanında olmasının, bundan sonra da birgə addımlayacaqlarının Qarabağdan, Şuşadan verilən mesajıdır: Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə 28 May-Müstəqillik Günündə Laçından bu mesajı bir daha dünyaya çatdırdı ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. İlham qardaşımın bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq.
Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri