EN

Elxan Şahinoğlu: “Tramp Netanyahunun İrana hücumuna razılıq verərək sərt mövqe göstərdi”  

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ-ın xarici siyasəti və Yaxın Şərqdəki son gərginliklərlə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, ABŞ Prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı hərbi əməliyyatlara başlamasına icazə verməklə, indiyə qədər göstərmədiyi sərt mövqeyini ortaya qoyub.

Musavat.com xəbər verir ki, Elxan Şahinoğlunun sözlərinə görə, Donald Tramp əvvəllər Netanyahunu səbrli olmağa və Vaşinqtonun Tehranla apardığı danışıqların nəticəsini gözləməyə çağırırdı. Lakin diplomatik cəhdlər gözlənilən nəticəni vermədiyindən ABŞ lideri bu dəfə İsrailin hərbi planlarına müdaxilə etməməyə qərar verib.

“Tramp prezident seçilərkən Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz vermişdi. Lakin bu vədi yerinə yetirə bilmədi. İndi isə Tehranla aparılan danışıqların nəticəsiz qalması Tramp üçün daha bir diplomatik uğursuzluq sayıla bilərdi. Bu səbəbdən o, Netanyahunun İranı vurmasına əngəl olmayaraq bu məsuliyyətdən yayınmaq yolunu seçdi,” – deyə Şahinoğlu qeyd edib.

Analitik hesab edir ki, əgər İsrailin hava zərbələri nəticəsində İranın uranı zənginləşdirmək imkanları ciddi şəkildə məhdudlaşdırılarsa, Tramp bu hadisəni özünün siyasi uğuru kimi təqdim etməyə çalışacaq.

Musavat.com

Chosen
2
50
musavat.com

10Sources