İsraillə İran arasında gərginliyin kəskin artması neft bazarına ciddi təsir göstərib. Belə ki, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4,28 faiz bahalaşaraq 1 barel üçün 73,35, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 7,95 faiz artaraq 1 barel üçün 73,03 ABŞ dolları təşkil edib.
Hazırkı proses Azərbaycana və manata necə təsir edəcək?
Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, sözügedən hadisələr neftimizin bahalaşmasına səbəb olacaq:
“Azərbaycan nefti bazarda həmişə “Brent” və WTI markalarından baha satılır. Ümumiyyətlə, iqtisadiyyatımız böyük ölçüdə neftdən asılıdır. Dövlət büdcəsinə həm birbaşa, həm də dolayı yolla daxil olan vəsaitləri nəzərə alsaq, büdcənin təqribən 70 faizi neft gəlirlərindən formalaşır. Belə şəraitdə qiymətin yüksəlməsi hökumətin maliyyə imkanlarını genişləndirir, iqtisadiyyatın daha asan idarə olunmasına və büdcənin icrasına şərait yaradır. Eyni zamanda, manatın məzənnəsinin sabit saxlanılması və mövcud valyuta siyasətinin davam etdirilməsində neft gəlirlərinin artması mühüm rol oynayır.”