AZ

İlham Şaban: Neft bazarı Yaxın Şərqdəki toqquşmalıara emosional reaksiya verdi

Sözügedən hadisələr Peruda və ya Cənubi Afrika Respublikasında baş versəydi, neftin qiyməti bu qədər qalxmayacaqdı

Məsələ ondadır ki, İran ildə 200 milyon tondan çox neft hasil edir və bunun da yarısını dünya bazarına çıxarır

İsrailin İranın nüvə obyektlərinə hücumundan sonra dünya bazarlarında neft kəskin bahalaşıb. “APA-Economics” xəbər verir ki, dünya bazarında neftin 1 barelinin qiyməti 7 dollara yaxın artıb. Belə ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin avqust müqaviləsinin dəyəri 9,66% və ya 6,7 dollar artaraq 1 barelə görə 76 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyul ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 9,76% və ya 6,64 dollar artaraq 1 barelə görə 74,68 ABŞ dollarına yüksəlib. Ekspertlər bildirirlər ki, neftin qiymətində baş verən bu bahalaşma, həm regional təhlükəsizlik riskləri, həm də tədarük-tələb balansındakı dəyişikliklərlə izah olunur. Əgər geosiyasi gərginliklər davam edərsə, qiymətlərdə artım trendi daha da dərinləşə bilər. Qeyd edək ki, bu ilin aprel ayından etibarən neftin qiymətində eniş müşahidə edilirdi. İyun ayının əvvəlində etibarən isə nisbi artım diqqət çəkməyə başlayıb.

Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sherg.az-a bildirib ki, Dünən London birjasında Brent markalı neftin bir bareli üçün qiymət 69 dollar 36 sentlə sonuncu hərracla bağlandı:

“Bu gün isə səhər saatlarında keçirilən hərraclarda neftin qiyməti əvvəlcə 75 dollara qədər bahalaşdı. Daha sonra 76, 77, 78 dollar səviyyələrinə qalxdı. Ən yüksək qiymət isə Bakı vaxtı ilə saat 12 radələrində qeydə alındı. Yəni neftin bir bareli 78 dollar 50 sentə satıldı. Bundan sonra isə neftin qiymətində eniş müşahidə olundu və hazırda  75 dollardan bir qədər baha satılır. Ümumiyyətlə baş verən artım raket və təyyarə zərbələrinə, uranı zənginləşdirən mərkəzlərin bombalanması və digər proseslərlə bağlıdır. Yəni bazar bu hadisələrə emosional reaksiya verdi. Lakin sözügedən hadisələr Peruda və ya Cənubi Afrika Respublikasında baş versəydi, neftin qiyməti bu qədər qalxmayacaqdı. Məsələ ondadır ki, İran ildə 200 milyon tondan çox neft hasil edir və bunun da yarısını dünya bazarına çıxarır. Belə bir ölkədə sabitliyin pozulması bazarlara ciddi təsir göstərir. Ancaq sonradan aydın oldu ki, hələlik neft infrastrukturu ilə bağlı ciddi hadisə baş verməyib. Buna görə də qiymətlər müəyyən qədər aşağı düşdü. Lakin bu gün neftin qiyməti əvvəllə müqayisədə 8 faiz çoxdur. Çünki İranın İsrailə zərbə endirməsi, bunun nəticəsinin necə olub-olmaması neftlə bağlı riskləri artırır. Məhz ona görə də aprelin 4-dən sonra ilk dəfə olaraq biz neft qiymətlərinin 70 dolların üzərində ticarət olunduğunu görürük. Bu vəziyyətin nə qədər davam edəcəyini isə proqnozlaşdırmaq  çətindir. Hər şey Yaxın Şərqdəki münaqişənin nə zaman səngiyəcəyindən asılıdır. Əgər məlum olsa ki, İsrail və İran arasında hərbi toqquşma olmayacaq, o zaman neftin qiymətləri yenidən öz məcrasına qayıda bilər”.
Seçilən
47
50
sherg.az

10Mənbələr