EN

“Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir”

“Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşılaşdığı bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə, öz xalqı və ölkəsi qarşısında ən böyük xidmətlərindən birini göstərmişdir. Müstəqilliyimizin ilk iki ili ərzində respublikada sürətlə davam edən mürtəce, dağıdıcı proseslər 1993-cü ilin may-iyun aylarında ölkəni vətəndaş müharibəsinin başlanması ərəfəsinə gətirmiş və müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, belə bir mürəkkəb dövrdə Azərbaycan xalqı dövlətin və millətin başı üzərini almış ölümcül təhlükələrdən yeganə xilas yolunun yalnız Ulu Öndərin ölkəyə rəhbərliyi öz üzərinə götürməsində olduğunu zamanında görərək, Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. “Bundan sonra ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə, 1993-cü il iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan qədirbilən xalqımız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir. Ölkənin, xalqın, Azərbaycan dövlətçiliyinin taleyinin həll olunduğu ağır bir zamanda xalqın çağırışına səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü və bu yolda misilsiz fədakarlıq nümayiş etdirərək, ölkəmizi ictimai-siyasi xaos və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi.”

Chosen
50
15
publika.az

10Sources