Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında daha bir uğursuz gün yaşayıblar.

Offsideplus.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan hər iki idmançımız medalsız qalıb.

Qadınların yarışında Gültac Məmmədəliyeva (52 kq) elə ilk qarşılaşmasında, 1/32 finalda Kipr təmsilçisi Sofiya Asvestaya məğlub olaraq mübarizəni dayandırıb.

Kişilərin mübarizəsində isə Ruslan Paşayev çempionata inamlı başlayıb. 66 kq çəki dərəcəsində çıxış edən həmvətənimiz 1/32 finalda braziliyalı Ronald Limaya yuko xalı ilə qalib gəlib. 

Ruslan daha sonra İtaliya idmançısı Matteo Pirası mübarizədən kənarlaşdırıb. 

Ancaq o, 1/8 finalda son dünya çempionatının gümüş medalçısı, yaponiyalı Takeşi Takeokaya uduzub.

Xatırladaq ki, dünən Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Əhməd Yusifov (60 kq) uğursuzluğa düçar olmuşdu.

İyunun 19-dək davam edəcək dünya çempionatına 9 kişi, 4 qadın cüdoçumuz qatılıb.