EN

''Fənərbaxça'' Rusiya futbolunun gənc ulduzunu transfer etmək istəyir

Heyəti gücləndirmək istəyən ''Fənərbaxça'' ilə bağlı sürpriz transfer xəbəri yayılıb.

Belə ki, İstanbul nəhəngi ÇSKA və Rusiya yığmasının gənc yarımmüdafiəçisi Matvey Kislyaka ciddi maraq göstərir. İddialara görə Joze Mourinyo da bu futbolçunun oyununu bəyənir və rəhbərlikdən onun transfer edilməsini istəyib.

Yağız Sabuncuoğlunun xəbərinə görə ''Fənər'' rəsmiləri artıq Kislyakın meneceri ilə görüşərək bu transferin şərtləri ilə maraqlanıblar. İnsayder Əkrəm Konurun məlumatına görə isə ÇSKA istedadlı futbolçuya görə ''Fənər''dən 25-30 milyon avro tələb edir. Əsasən dayaq yarımmüdafiəçisi kimi oynayan 20 yaşlı Kislyak ÇSKA-nın öz yetirməsidi və klubla 2028-ə qədər müqaviləsi var.

O ötən mövsüm 33 rəsmi oyunda iştirak edərək aktivinə 4 qol, 1 məhsuldar ötürmə yazıb. Rusiya yığmasında isə indiyə qədər 4 oyun keçirib.

Bu arada Rusiya futbolunun əfsanəsi Andrey Arşavin də bu mövzuya münasibət bildirib. O, ''Matç TV'' kanalına açıqlamasında bunları deyib:
''Matveyin hələ ÇSKA ilə uzunmüddətli müqaviləsi var və bildiyimə görə onlar müqaviləni yeniləmək arzusundadılar. ÇSKA öz yetirməsini ucuz qiymətə buraxmaz. Elə ''Fənərbaxça'' da ulduz oyunçulara görə az məbləğ ödəmir. Məncə, bu məsələ reallıqdan çox, dedi-qoduya bənzəyir. Ötən mövsümün ikinci dövrəsində onun ulduzu parladı və demək olar, ÇSKA-nın əvəzedilməz futbolçularından birinə çevrildi. Meydanı görmə qabiliyyəti güclüdü və ağılla oynayır. İkili mübarizələrdə də yaxşı təsir bağışlayır. Bildiyimə görə ''altyapı''da daha hücumameyilli oynayırdı. Amma peşəkar olduqdan sonra müdafiəyəmeyilli futbolçuya çevrildi''.
Chosen
14
football-plus.az

1Sources