EN

BMT mina qadağasına dair qlobal kampaniyaya start verir

BMT mina qadağasına dair qlobal kampaniyaya start verir.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş deyib.

O, qeyd edib ki, bəzi dövlətlər Piyada Əleyhinə Minalar Qadağası Konvensiyasından (Ottava Konvensiyası) çıxmaq niyyətindən əl çəkməlidir.

Baş katib bir sıra ölkələrin Piyada Əleyhinə Minalar Qadağası Konvensiyasından çıxmaq planlarını ciddi narahatlıqla qarşıladığını bildirib.

A.Quterreşin sözlərinə görə, münaqişələrin genişləndiyi və mülki əhalinin təhlükə ilə üzləşdiyi vaxtda, insan həyatını qoruyan beynəlxalq mexanizmlərin zəiflədilməsi yolverilməzdir: “Belə addımlar mülki əhalinin müdafiəsini zəiflədir və minlərlə həyatın xilas edilməsinə səbəb olmuş 20 illik hüquqi çərçivəni sarsıdır,” - Baş katib vurğulayıb.

O, bütün dövlətləri humanitar silahsızlaşma sazişlərinə sadiq qalmağa, konvensiyadan çıxmaq planlarını dayandırmağa və sənədə hələ qoşulmayan 32 dövləti dərhal qoşulmağa çağırıb.

Baş katib əlavə edib ki, BMT yaxın 6 ayda mina əleyhinə qlobal kampaniya başlayacaq. Kampaniyanın məqsədi ictimai dəstəyi artırmaq, mina təhlükəsini aradan qaldırmaq və bu sahədə dövlətlərin konkret öhdəliklər götürməsinə təkan verməkdir.

Xatırladaq ki, Piyada Əleyhinə Minalar Qadağası Konvensiyası 1997-ci ildə qəbul edilib və 1999-cu ildə qüvvəyə minib. Sənədin əsas məqsədi piyada əleyhinə minaların istehsalını, istifadəsini, saxlanmasını və yayılması qadağası, həmçinin mövcud minaların məhv olunmasını təmin etməkdir. Hazırda 160-dan çox dövlət konvensiyaya qoşulub. Lakin hələ də 30-dan artıq ölkə sənədə qoşulmayıb, bəzi dövlətlər konvensiyadan çıxacaqlarını bildirirlər.

Chosen
26
report.az

1Sources