EN

Sağlamlığımızın keşikçiləri: 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü

Ən çətin zamanlarımızda, narahatlığımızın və ağrılarımızın içində ilk üz tutduğumuz insanlar tibb işçiləridir. Günün istənilən saatında yardımımıza yetişən, diqqətlə dinləyən və şəfalı əlləri ilə bizə dəstək olan bu insanlar bu gün peşə bayramlarını qeyd edirlər.

BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının Tibb İşçilərinin Peşə Bayramı Günü Ümummilli Lider Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə təsis olunub və hər il iyunun 17-si bu peşənin daşıyıcılarına həsr olunur.

Bu tarix həm də Azərbaycanın dövlətçiliyi ilə sıx bağlıdır. 1918-ci il mayın 28-də istiqlaliyyətini elan edən Azərbaycan Xalq Cümhuriyyəti iyunun 16-da Gəncəyə köçdükdən sonra səhiyyə və sosial təminat naziri postuna Xudadat bəy Rəfibəyli təyin olunub. Bu, ölkə səhiyyəsinin əsasının qoyulduğu mühüm mərhələ sayılır.

Aradan keçən bir əsrdən artıq müddətdə səhiyyə sistemi sürətli inkişaf yolu keçib. Xüsusilə son illərdə bu sahədə köklü islahatlar aparılıb: tibb müəssisələrinin infrastrukturunun yenilənməsi, ən müasir texnologiyaların tətbiqi, kadr hazırlığının təkmilləşdirilməsi səhiyyəmizin beynəlxalq standartlara uyğunlaşdırılmasına şərait yaradıb.

Təmir olunan və yenidən qurulan tibb müəssisələri, regionlarda istifadəyə verilən diaqnostika mərkəzləri, pulsuz dərman təminatı və tibbi xidmətlərin əlçatanlığı bu sahədə atılan addımların bir hissəsidir. Bu islahatlar həmçinin ölkənin sosial siyasətinin əsas prioritetlərindən biri hesab olunur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyədə həyata keçirilən yeniliklər və Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan layihələr – o cümlədən şəkərli diabet və talassemiya xəstələri üçün xüsusi proqramlar, qanvermə kampaniyaları, ana və uşaq sağlamlığına göstərilən diqqət ictimai rəğbətlə qarşılanır.

2023-cü ildə ölkə üzrə 21 tibb müəssisəsində tikinti və əsaslı təmir işləri aparılıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Buzovna Sanator-Kurort Reabilitasiya Mərkəzi Vətən müharibəsi iştirakçılarının istifadəsinə verilib.

Müharibə iştirakçıları və şəhid ailələrinə göstərilən xüsusi diqqət, onların tibbi və psixoloji yardımla təmin olunması daim nəzarətdə saxlanılır. 12 psixoloji yardım mərkəzində bu istiqamətdə davamlı dəstək göstərilir. Eyni zamanda, "Müharibə veteranları və şəhid ailələri ilə əlaqələndirmə" şöbəsi və 9109 qısa nömrəli çağrı mərkəzi bu kateqoriyadan olan vətəndaşlara xidmət göstərir.

Ölkədə yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində də ciddi tədbirlər görülür. 2023-2027-ci illər üzrə qəbul edilən Tədbirlər Proqramı çərçivəsində profilaktik və immunizasiya işləri davam etdirilib, malyariya kimi xəstəliklərə qarşı yerli yoluxmalar aradan qaldırılıb.

COVID-19 pandemiyası zamanı görülən tədbirlər və səhiyyənin yüksək hazırlıq səviyyəsi tibb sisteminin dayanıqlılığını sübut etdi. Eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı həkimlərimizin göstərdiyi fədakarlıq tarixə yazıldı – 44 tibb işçisi bu mübarizədə şəhid oldu.

İşğaldan azad olunan ərazilərdə yeni səhiyyə infrastrukturunun yaradılması istiqamətində də ardıcıl işlər görülür. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Qubadlıda xəstəxanaların bünövrəsi qoyulub, bir sıra yaşayış məntəqələrində isə artıq tibbi xidmət göstərilir.

Səhiyyə Nazirliyi rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqi sahəsində də ciddi addımlar atır. "Böyük Qayıdış" Proqramı çərçivəsində vətəndaşlara tibbi xidmətlərlə yanaşı maarifləndirici tədbirlər də həyata keçirilir.

2023-cü ildə Azərbaycanda və xaricdə bir sıra beynəlxalq tibbi tədbirlər təşkil olunub. Bunlara "Heydər Əliyev: Səhiyyəmizin Beynəlxalq müstəvidə tanınmasına gedən yol" devizi altında keçirilən konqreslər, konfranslar, simpoziumlar daxildir. Azərbaycan-Kuba və Azərbaycan-Özbəkistan səhiyyə əməkdaşlığı da bu dövrdə genişlənib.

Tibb – yalnız peşə deyil, həm də böyük fədakarlıq, yüksək mənəvi məsuliyyət tələb edən bir missiyadır. Ömürlərə ümid, ağrılara şəfa olmaq kimi müqəddəs və ali məqsədlə çalışan ağxalatlılara dərin təşəkkür düşür. Bu gün onların günüdür.

Chosen
7
far.az

1Sources