EN

Umico-dan məhsul müştəriləri narazı salıb — 1 aydan sonra sıradan çıxıb

Ölkədə onlayn alış-veriş platforması kimi fəaliyyət göstərən Umico-dan alınan məişət texnikası ilə bağlı müştəri narazılıqları var. AzPost bildirir ki, vətəndaş Könül Məhəmmədi sosial şəbəkədə paylaşdığı müraciətində aldığı qab yuyan cihazın 1 ay sonra sıradan çıxdığını və servis xidməti ilə problem yaşadığını bildirib.

Könül Məhəmmədinin sözlərinə görə, servis əməkdaşları evə baxış zamanı cihazda heç bir problem olmadığını desə də, cihazın servisə aparılmasının vacib olduğunu bildiriblər. Müştəri isə haqlı olaraq sual edir: “Bir ay əvvəl alınmış yeni məhsul niyə artıq servisə getməlidir?”

Şikayətçi qeyd edib ki, məsələ ilə bağlı dəfələrlə şirkətin qaynar xəttinə zəng edilsə də, operatorlar hər dəfə “bu gün geri dönüş ediləcək” desə də, heç bir əlaqə saxlanılmayıb. Artıq iki aydır ki, nə problem aradan qaldırılıb, nə də cihaz dəyişdirilib.

Bundan başqa, Könül Məhəmmədi qeyd edib ki, Umico-nun sosial şəbəkə hesablarında da bu cür narazılıqlar çoxalıb. Müştərilər aldıqları məişət texnikalarının keyfiyyətsiz olmasından və servis xidmətinin zəif təşkilindən şikayət edirlər.

Qeyd edək ki, bu cür hallarda istehlakçılar “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanuna əsasən, alınmış məhsulun dəyişdirilməsi və ya qaytarılması üçün tələb irəli sürmək hüququna malikdirlər.

Umico-nun rəsmi mövqeyi olarsa məlumat yenilənəcək.

AzPost.az

Chosen
17
azpost.info

1Sources