EN

İş qurmaq üçün ali təhsil şərtdir? - Diplom olmadan uğur qazanmağın SİRLƏRİ

Bu gün cəmiyyətdə belə bir anlayış var ki, ali təhsil olmadan uğurlu olmaq mümkün deyil. Elə bu səbəbdən gün keçdikcə ailələr övladlarına təzyiq edir, onların maraqlarını görməzlikdən gələrək ali təhsil almalarını və bir diplom əldə etmələrini zəruri sayırlar. Əks təqdirdə, cəmiyyətdə yaxşı mövqe qazana bilməyəcəklərini iddia edirlər.

 

Bəs biznes qurmaq üçün ali təhsilli olmaq şərtdirmi?

 

Mövzu ilə bağlı iş adamı və biznes mentor Elvin Dadaşsoy AzEdu.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, günümüzdə süni intellekt kimi proqramlar, müxtəlif veb saytlar, həmçinin "YouTube"un özü təhsil almaq üçün kifayət qədər effektiv mənbələrdir:

 

“Zaman keçdikcə təhsilin mənbələri dəyişir. 200-300 il əvvəl təhsil almaq üçün ən yaxşı vasitə universitet hesab olunurdu. Ancaq ondan əvvəl universitetlər yox idi. Onun yerinə mədrəsələr ən yaxşı təhsil vasitəsi idi.

 

Bugünkü gün artıq süni intellekt kimi proqramlar, saytlar, həmçinin YouTube-un özü təhsil almaq üçün kifayət qədər yaxşı mənbələrdir".

 

Elvin Dadaşsoyun fikrincə, universitet artıq təhsil almağın yeganə yolu deyil, sadəcə yollarından biridir:

 

“Çünki universitetə getmək, dərslərdə iştirak, evə qayıtmaq bir zaman itkisi yaradır. Maddi baxımdan da universitetlər bahalıdır. Belə ki, bir sıra universitetlər ödənişlidir, daha yaxşı universitetlərdə təhsil almaq isə çox baha başa gəlir.

 

Amma buna alternativ olaraq digər təhsil mənbələri, yəni özü-özünə öyrənmək daha ucuz və vaxta qənaət edən yoldur. Ancaq müəyyən ixtisaslar var ki, orada diplom mütləq tələb olunur. Məsələn, tibb sahəsində ilk mərhələdə ali təhsil almaq vacibdir. Bunu nəzərə alsaq, bu insanlar üçün ali təhsil vacib sayılır. Ancaq praktiki sahələrdə, məsələn, dizayn, marketinq və digər sahələrdə ali təhsil şərt deyil".

Chosen
7
azedu.az

1Sources