Moskva, 17 iyun, AZƏRTAC
BMT-nin Cenevrədəki mənzil-qərargahında TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmanın BMT-nin 80 illiyinə həsr olunmuş “Birləşmiş Millətlər Təşkilatı. Müharibələr və sülh” adlı sənədli filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, filmdə qlobal böhranların həllində dünya təşkilatının rolundan bəhs edilir. Bu sənədli ekran əsərində BMT-nin Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin ABŞ-ın sabiq dövlət katibləri Madlen Olbrayt və Kondoliza Raysın müsahibələri yer alıb.
Filmin premyerasında Rusiya, Azərbaycan, Venesuela və digər ölkələrin diplomatları iştirak ediblər. Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilov qeyd edib ki, film tamaşaçılar tərəfindən böyük maraqla izlənilir və müxtəlif ölkələrdən bilavasitə BMT sistemində çalışmış bir çox tarixi şəxsiyyətləri əhatə edir.
Mixail Qusman vurğulayıb ki, bütün tənqidlərə baxmayaraq, BMT-nin unikal mexanizmi əvvəlki kimi, xüsusən müasir dünyanın içində olduğu fövqəladə çalxantılar şəraitində zəruridir.
Bu ilin oktyabrında Mixail Qusmanın filminin BMT-nin Nyu-Yorkdakı baş qərargahında nümayişi nəzərdə tutulur. Bu ekran əsəri TASS agentliyinin dəstəyi ilə ərsəyə gətirilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva