EN

Köhnə tipli qazanxanaları "BİMD"modernizasiya edəcək

BAKI, 17 iyun. TELEQRAF

“Azəristiliktəchizat” ASC-nin balansında olan 5 ədəd köhnə tipli qazanxananın yenidən qurulması və modernizasiya üzrə layihələndirmə işlərini "BİMD" Qapalı Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Teleqraf xəbər verir ki, müvafiq işlərin görülməsi üçün QSC-yə 116 min 712 manat vəsait ödəniləcək.

Qeyd edək ki, ASC-nin sözügedən işlər üzrə elan etdiyi tenderdə 3 dəfə dəyişiklik edilmişdi. Belə ki, fevralın 4-ü, 14-ü və 26-da edilən dəyişikliklərə əsasən tenderin vaxtı uzaldılıb. Tenderin ehtimal edilən qiyməti isə 185 min 409 manat olub.

Onu da bildirək ki, qalib şirkət olan BİMD QSC 2018-ci ildə təsis edilib. Nizamnamə kapitalı 2 000 AZN olan şirkətin qanuni təmsilçisi Həbibova Vüsalə Əmirxan qızıdır. Şirkət Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi kimi dövlət təşkilatlarının elan etdikləri bir çox müsabiqələrin də qalibi olub. Həmçinin, Ağdam, Şuşa, Cəbrayıl rayonlarının Mərkəzi Xəstəxanalarının, Şuşa qalasının bərpası, eləcə də, Basqal qoruğunun layihələndirilməsini həyata keçirib.

Chosen
7
teleqraf.com

1Sources