EN

Özünü "New Life"ın əməkdaşı kimi təqdim edən şəxsin məhkəməsi keçirildi

BAKI, 17 iyun. TELEQRAF

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin əməkdaşı kimi təqdim edilən Sərxan Əliyev barəsində çıxarılmış hökmdən kassasiya şikayəti verilib.

Teleqraf xəbər verir ki, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən iclasda Sərxan Əliyevin vəkili kassasiya şikayətini müdafiə edib.

Vəkil bildirib ki, ittihamda Sərxan Əliyev "New Life" reabilitasiya mərkəzinin əməkdaşı kimi göstərilsə də, bu, həqiqəti əks etdirmir. Onun sözlərinə görə, müvəkkili həmin mərkəzdə çalışmayıb. Vəkil məhkəmədən Sərxan Əliyevin işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Məhkəmə şikayəti araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov 7 il, Qənbər Həsənov 6 il 6 ay, Sərxan Əliyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Famil Rzayev, Elvüsal Hüseynov və Orucəli Əliheydərovun cəzası 1 il azaldılıb, digər şəxslərin cəzalarında isə dəyişiklik edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham olunublar. Bundan əlavə, Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayevə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham irəli sürülüb.

Chosen
4
3
teleqraf.com

4Sources