EN

Avrokubok hazırlığı: APL klublarında son durum

Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandaların yeni mövsüm üçün hazırlıqları hələ bəlli deyil.

Konfrans Liqasında mübarizə aparacaq “Zirə” və “Araz-Naxçıvan”ın toplanış yeri və tarixləri artıq məlumdur.

“Araz-Naxçıvan”: İyunun 16-dan iyulun 2-dək Bakıda, iyulun 3-dən 17-dək Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı olacaq. Türkiyədə 4 yoxlama oyununun keçirilməsi planlaşdırılır.

“Zirə”: “Komanda iyunun 14-də çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək “qartallar” iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq. “Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq “Zirə” bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək “Sabah”da isə qeyri-müəyyənlik hökm sürür. Baş məşqçi postu boş olan komandanın bu gün turnirdəki birinci rəqibi məlum olacaq və ilk oyun iyulun 10-da olacaq. Bir aydan az vaxt qalmasına baxmayaraq, “Sabah”ın nə baş məşqçisi, nə yay planı bəllidir. “Bayquşlar”ın hazırlıqlara gecikməsi komandanın avrokubokdakı çıxışına təsir edə bilər.

“Qarabağ”da isə toplanış vaxtı məlumdur. Komanda əvvəlcə Bakıda, daha sonra Avstriyada hazırlıq keçəcək. Rəqiblər və oyunların vaxtları hələ məlum deyil. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək çempion burda mübarizəyə II təsnifatdan başlayacaq. Oyunlar iyunun 22/23 və 29/30-da olacaq.

Transferlərdə də “Zirə”, “Araz-Naxçıvan” və “Qarabağ”da müəyyən hərəkətlilik var. “Sabah” isə hələ də sakit mövqedədir.

“Qarabağ”:
Gələnlər: Rüstəm Əhmədzadə (“Zirə”, icarədən qayıdıb)
Gedənlər: Yassin Benzya, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli (“Zirə”)
Müqavilə müddətini artıranlar yoxdur.

“Zirə”:
Gələnlər: Brahim Konate (“Şamaxı”), Yeqor Boqomolski (“Neftçi”)
Gedənlər: Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə müddəti bitib), İsmayıl İbrahimli (“Qarabağ”, icarə müddəti bitib), Məqsəd İsayev, Pyer Zebli
Müqavilə müddətini artıranlar: Ruan Renato, İsmayıl İbrahimli, Anar Nəzirov, Hacıağa Hacılı

“Araz-Naxçıvan”:
Gələnlər: Bar Kohen (“Makkabi”, Netanya, İsrail), Ba-Muaka Simakala (“Osnabrük”, Almaniya)
Gedənlər: Vadim Abdullayev
Müqavilə müddətini artıranlar: Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov, Qara Qarayev, Vanderson Melo, Nuno Rodrigues, Ramon Maçado

“Sabah”:
Gələnlər: Rüstəm Samiqullin (“Neftçi”, icarədən qayıdıb), Fəxri Məmmədli (“Şamaxı”, icarədən qayıdıb), Rauf Rüstəmli (“Şamaxı”, icarədən qayıdıb)
Gedənlər: Şakir Seyidov
Müqavilə müddətini artıran yoxdur.

Şahin Cəfərov

Chosen
6
1
futbolpress.az

2Sources