EN

İrandan təxliyə olunanlar Bakıda təşəkkür konserti verdilər - VİDEO

Bakıda Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin xüsusi konserti uğurla baş tutub.
 
Bu barədə Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova "Telegram" kanalında məlumat verib.
 
Məlumata görə, rusiyalı musiqiçilər dirijor Arsenti Tkaçenkonun rəhbərliyi altında Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının səhnəsində çıxış ediblər.
 
"Konsert sənətçilərimizin İran İslam Respublikasından təxliyə edilməsində göstərdikləri köməyə görə diplomatlara, Azərbaycan hökumətinə, o cümlədən Rusiyanın Bakı və Tehrandakı səfirliklərinin əməkdaşlarına minnətdarlıq əlaməti olaraq verilib", - deyə o bildirib.
 
Tədbirdən əvvəl Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov və Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu qonaqları salamlayıblar.
 
Tamaşaçılar Pyotr Çaykovskinin "Yevgeni Onegin" operasından "Polonez" və simli orkestr üçün serenadasını, Aleksandr Ostrovskinin "Qar qız" pyesi üçün musiqisindən "Buffonların rəqsi"ni, Sergey Raxmaninovun "Vokaliz"ini və Reynqold Qliyerin "Bürünc atlı" baletindən "Böyük şəhər üçün himn"i dinləyiblər.
 
Musiqiçilər İohan Sebastyan Baxın 3 nömrəli orkestr süitasından "Ariya"nı və Çaykovskinin "Şelkunçik" baletindən "Trepak"ı ifa ediblər.
 
"Bir daha Azərbaycan və İran hakimiyyətinə, eləcə də diplomatlarımıza belə çətin vəziyyətdə rusiyalı sənətçilərə göstərdikləri köməyə görə səmimi təşəkkürümüzü bildiririk!" - deyə Olqa Lyubimova sonda qeyd edib.
 
Xatırladaq ki, iyunun 14-də Çaykovski adına simfonik orkestrin bütün musiqiçiləri İrandan Azərbaycana təxliyə ediliblər. Sərhədi keçməyə kömək edənlər arasında diplomatlar, Rusiyanın Tehran və Bakıdakı səfirliklərinin əməkdaşları, həmçinin Azərbaycan və İran rəsmiləri də olublar.
 
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib. Bir neçə yüksəkvəzifəli hərbçi və nüvə alimləri həlak olublar. Eskalasiya hələ də davam edir.
Chosen
16
moderator.az

1Sources