İranın atom reaktorlarında baş verəcək hadisə Azərbaycana necə təsir edər? — AÇIQLAMA
"İranın Buşehr AES, İsfahanda uranın çevrilməsi obyektləri və Natanzdakı obyektlər də daxil olmaqla bir neçə nüvə obyekti var. İranda əsas atom reaktorları Buşehrdə yerləşir və Natanz şəhəridə daxil olmaqla 18 yerdə nüvə tədqiqatları aparılır. Atom energetikası üzrə Beynəlxalq Agentliyin, MAQATE-nin məlumatına görə, hazırda İranda agentliyin mühafizəsi altında olan 18 nüvə infrastrukturu obyekti, o cümlədən tədqiqat institutları, tədqiqat reaktoru və bir neçə uranın zənginləşdirilməsi zavodu var".
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
O bildirib ki, digər doqquz obyekt isə bəyan olunmayıb:
"İranın mərkəzində, Natanz şəhəri yaxınlığında yerləşən obyektə pilot və sənaye uranın zənginləşdirilməsi zavodu var. Kompleks ikisi 50 000 sentrifuqa üçün nəzərdə tutulmuş üç yeraltı binadan və altı yerüstü binadan, ikisi qaz sentrifuqalarının yığılması üçün 2500 kvadratmetrlik zaldan ibarətdir. Yeraltı qurğular təxminən 7,6 m qalınlığında beton qalxanla qorunur. Kompleksin ərazisində yerləşən nüvə materialları və uranın zənginləşdirilməsi avadanlığı MAQATE-nin mühafizəsi altındadır. Təsadüfi deyil ki, İsrail raketləri əsasən Natanz şəhərində olan bu zavodu vururlar. MAQATE-nin bir neçə il bundan əvvəl açıqladığı məlumata görə İran Uran 238 izotopunun 80%-dən yuxarı hissəsini zənginləşdirilib, hətta bu prosesin son mərhələsinə qədəm qoyub. Buna görə də İranın üzərinə bu cür irimiqyaslı hərbi hücumlar var. Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran izotopları ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yarana bilər".
Ekspert bildirib ki, Uranın yarımparçalanma dövrü milyard illə ölçülür, ətrafa yayılması küləyin sürətindən və istiqamətindən asılı olaraq böyük ölçüdə dəyişir:
"Uranın əsasən iki izotopu var, Uran 238 və Uran 235. AES-lərdə yanacaq kimi və atom bombalarının hazırlanmasında Uran 235-dən istifadə olunur. Əgər İsrailin raket hücumları ilə bağlı İranda nüvə ilə bağlı hər hansı xoşagəlməz bir hadisə yaşansa, radiasiyanın qonşu ölkələrə yayılması baş verə bilər. Demək olar ki, radiasiya şüalarından mühafizə üçün hansı tədbirlərin görülməsi sual işarəsi altındadır.Sovet dövründə bu cür hadisələrdən mühafizə üçün insanların yerləşdirilib qorunması üçün müəyyən yeraltı sığınacaqlar var idi. İndi sığınacaqlar yoxdur və ya istifadə halında deyil. Bu tip qorunma sığınacaqlarının yenidən qurulması üçün isə olduqca ciddi maliyyə vəsait tələb olunur. Amma istənilən halda radioaktiv maddənin ətrafa sızma halının olması kimi bir problem yaşanacağını düşünmürəm. Əgər nüvə reaktoruna zərbə endirilsə, küləyin istiqamətindən asılı olaraq, hər hansı bir ölkəyə çox sürətlə yayıla bilər. Çernobıl hadisəsində baş verən partlayışdan sonra küləyin istiqamətinə görə radioaktiv maddə hava yolu ilə əvvəlcə Belarusa, daha sonra Almaniyaya, ta İsveçrəyə qədər gedib çıxmışdı.Uran-235-in parçalanma dövrü həcmindən və kütləsindən asılı olaraq olduqca uzun çəkir. Hesab edirəm ki, əgər belə bir hadisə baş versə Azərbaycan həmin ərazilərdən 100-lərlə km uzaqlıqda yerləşdiyindən bizim sərhədlərə qədər gəlib çatmayacaq. İranın əsas nüvə obyektləri xoşbəxtlikdən bizdən uzaqda fars əyalətlərində yerləşir. Təbrizdə bir hava limanı var oda ağır təyyarələr üçündür.Bir daha ümid edək ki, İranın nüvə obyektləri ilə bağlı belə bir hadisə yaşanmayacaq".
Əfsanə Kamal
Demokrat.az