Braziliyada iki yaşlı uşaq ehtiyatsızlıqdan anasını öldürüb.
News24.az xəbər verir ki, faciə Rio-Verde de Mato Qrosso şəhərində baş verib.
27 yaşlı Monteyra və əri eyvanda oturub söhbət etdiləri zaman, uşaq stolun üstündə atasının silahını götürüb oynamağa başlayıb. Cütlük söhbətlərinə elə qarışıb ki, fərqinə varmayıblar. Bu vaxt oğlan silahı anasına doğrultaraq atəş açıb. Güllə qadının döş qəfəsini və qolunu yaralayıb.
Hadisə ailənin eyvanında quraşdırılmış müşahidə kamerasına düşüb. Görüntülərdə yaralanan qadının ayağa qalxa bildiyi görünür. Uşaq dərhal silahı yerə ataraq ona tərəf qaçıb. Qadın oğluna tərəf bir neçə addım atıb və yıxılıb. Əri ona kömək etməyə çalışıb. Qadın xəstəxanaya aparılsa da, ölüb.
Ər adam öldürmədə ittiham olunur. Onun oğlunu böyütməyə davam etməsinə icazə verilib-verilməyəcəyi və ya uşaqların müdafiəsi xidmətləri tərəfindən aparılıb-aparılmayacağı hələlik məlum deyil./Medianews.az