EN

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

İsrailin İrana endirdiyi zərbələrlə yenə Türkiyədə Azərbaycan gündəmə gəlib: Azərbaycan-İsrail münasibətləri, azərbaycanlıların israilliləri müdafiə etməsi, neft satması, sosial şəbəkələrdə azərbaycanlıların İsraili dəstəkləməsi Türkiyə kanallarının və sosial mediasının əsas müzakirəsinə çevrilib.

Bu azmış kimi, “təbrizli bloger” olduğu deyilən gözəl-göyçək bir oğlancıq da Azərbaycana ağız atır ki, İlham Əliyev İsrailin əleyhinə niyə bir söz demir! – halbuki Azərbaycan islam ölkələrinin birgə bəyanatına imza atıb və mövqeyi də bəllidir! Bu göyçək oğlan İranın strateji müttəfiqi, silahlarını Ermənistana ötürdüyü, iri layihələr həyata keçirdiyi Hindistanın İsrail əleyhinə bir cümlə niyə demədiyini dilinə, ağzına almır, ancaq Bakını tənqid etmək üçün fürsət axtarır – bəllidir, hətta bu gərginlikdə belə Azərbaycana qarşı təbliğatına ara vermir!

Türkiyə mediasının tanınmış isimləri Azərbaycanın və yaxud azərbaycanlıların mövqeyini müdafiə edirlər və bu təxribatçı müzakirələrin iki qardaş arasında nifaq yaratmaq istəyi olduğunu izah etməyə çalışırlar. Sağ olsunlar! Ancaq ötən gün sosial şəbəkələrdə qarşımıza çıxan debatlardan belə məlum oldu ki, türkiyəli ziyalılar, xüsusilə bu müzakirələrin qəsd olduğunu tam yəqinliyi ilə bilən peşəkar media mənsubları və ya alimlər azərbaycanlıların mövqeyini müdafiə edərkən yanlış arqumentlərdən istifadə edirlər. Məsələn, “Boraltan körpüsü faciəsi” (Türkiyəyə sığınan azərbaycanlı ziyalıların sovetlərə təhvil verilməsi və sovetlərin elə körpünün başındaca onları qətlə yetirməsi olayı) və yaxud Elçibəyin “Xocalı faciəsinin qarşısını almaq üçün Süleyman Dəmirəldən iki mülki helikopter istəməsi və Türkiyənin bunu verməməsi” kimi arqumentlər gətirilir.

Əvvəla, Elçibəy Xocalı faciəsi deyil, Kəlbəcərin işğalı zamanı əhalini xilas etmək üçün mülki helikopter istəmişdi; ikincisi, indiki məqamda azərbaycanlıların mövqeyini müdafiə etmək üçün türkiyəli aydınların bu arqumentləri elə yanlış təsəvvür yaradır ki, guya biz Türkiyə və türkiyəlilərin etdiklərinə görə İsraili dəstəkləyirik!

Tamamilə yanlış yanaşmadır: Türkiyə bizim canımız-qanımızdır, “onun edə bildikləri və ya hansısa zamanda gücünün çatmadıqları” bizim Türkiyəyə qarşı münasibətimizə təsir etməz!

Azərbaycanlıların hazırkı mövqeyinin minlərlə səbəbi var:

- İran 1990-cı illərdən başlayaraq, Azərbaycan torpaqlarının işğalına birmənalı dəstək verib;

- Şuşa məhz İranın “vasitəçilik səyləri” ilə, Azərbaycanın başının altına yastıq qoyularaq işğal edilib və Tehran Ermənistana bu işdə birbaşa yardım edib;

- Yaxın Şərqdə İranın maraqlarının qətiyyətli müdafiəçisi, “əfsanəvi general” olaraq tanınan və 2020-ci ildə ABŞ-ın zərbələri ilə məhv edilən Qasım Süleymani 1991-92-ci illərdə erməni terrorçularla dəfələrlə Qarabağda görüşüb, təlimatlar verib – fotosübutlara qədər var!

- İran Azərbaycanın neft sazişlərinin uğursuz olması üçün hər yola əl atıb və BP-nin fəaliyyətinə əngəl olmağa çalışıb – 2000-ci ildə Azərbaycanın su sərhəd dirəyini çıxarıb tullayan, gəmilərlə su sərhədimizi pozan, qırıcılarını Cəlilabad və Xəzər üzərindən Bakıya qədər göndərən İran idi: Türkiyə məhz həmin vaxt Azərbaycana hərbi kater bağışladı, hərbçilərini də o katerdən “istifadəni öyrətmək üçün” Azərbaycana göndərdi; ardınca isə türk şahinləri Bakıda bölgənin taleyini dəyişən və İranı yerində oturmağa məcbur edən məşhur və məlum şou keçirdi!

- Məhz İranın sayəsində Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı – çünki Ermənistanı siyasi-iqtisadi baxımdan dəstəkləyən İrandır; İranın dəstəyi olmasa, Ermənistan iqtisadi blokadada boğulardı və işğaldan əl çəkərdi;

- Azərbaycan torpaqları işğalda olduğu vaxtda İran bircə dəfə də olsun “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, Ermənistan işğalı bitməlidir” deməyib – halbuki 1 milyon “şiə-müsəlman” qardaşı qaçqın-köçkün düşüb, onminlərlə “şiə-müsəlman qardaşı” qətliama məruz qalıb;

30 ildə İranın etdikləri saymaqla bitməz – ancaq 5 il öncəni yada salmaq zəruridir:

- Məhz İran ordusu 44 günlük savaşda Azərbaycanın sürətlə irəliləyən bölmələrinin qarşısını kəsərək, ordumuzun hərəkətinə imkan verməmiş, Arazın bu tayındakı halal torpağımızı guya “mübahisələndirməklə”, tam bir sutka müzakirələr açmış, nəticədə pərakəndə şəkildə qaçan Ermənistan ordusunun toparlanmasına şərait yaratmışdı;

- 44 günlük müharibə vaxtı Rusiyadan göndərilən silah-sursat məhz İran üzərindən Ermənistana çatdırılırdı – Gürcüstan hava məkanını hərbi təyyarələr üçün bağlamışdı;

- Məhz 44 günlük müharibədən dərhal sonra İran Azərbaycanın Xankəndi şəhərindəki erməni separatçılara yük maşınları ilə silah və yanacaq daşıyırdı;

- Məhz İran 2020-ci ilin dekabrında Ermənistana 6 milyon dollarlıq raket və PUA bağışladı – satmadı, bağışladı, hədiyyə etdi və onlardan istifadə üçün hərbçilərini Ermənistana göndərdi!

- Məhz İran “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” deyib, bunu yerdə sübut etmək üçün müstəqillik tarixində ilk dəfə Azərbaycan sərhədinə çoxminlik ordu yığıb, günlərlə davam edən təlim keçirdi, həm də iki dəfə. Bu təlimlərdə “Araz üzərindən sürətli keçmə” məşqləri edildi – Azərbaycanı hədələmək idi bu!

- 30 ildə bircə dəfə Ermənistanı işğalçı siyasətinə görə sözdə olsa belə qınamayan İran Azərbaycana qarşı dərhal hərəkətə keçdi!

Chosen
9
3
publika.az

4Sources