EN

Onu kollektiv də sevirdi, rəhbərlik də...

Tarix üçün 100 il böyük rəqəm deyil. Ürək üçün, insanlar üçün, ömür üçün böyük rəqəmdir. Bir vaxtlar tanıdığın adam haqqında keçmişdən danışılırmış kimi danışılır. İllər keçir, onu tanıyan­la­rın da sayı azalır. Zaman gəlir, onun haqqında xatirələr danışır, xatirələrə söykənən tarix danışır. Bu danışılanlar zaman anlamında dünənlərin olmuşlarıdır – tarixdir. Tarixdən danışan tarixin dedik­lə­rini dinlədikcə qürurlanırıq da, qəhərlənirik də, təəssüflənirik də. El-obamızla bağlı olan ha­di­sələr, el-obamızda yaşamış adamlar haqqında danışılanlar düşüncələrimizə salnamələr kimi hopur. Bu salnamələr təkcə Zəngilanın deyil, həm də Azərbaycanın tarixidir...

Məhəmməd Heydər oğlu vardı. 1908-ci il martin 10-da Zəngilanın Malatkeşin kəndində ana­dan olmuşdu. Onun da atası kəndli idi. Məhəmmədin 6 yaşı olanda atası dünydan köçdü. Zaman ona sitəm eləmişdi. Anası Bənövşə, əmisi Nəzər onun fidan ömrünü üşüməyə qoymadılar. Onun il­lərindən öz işığını dayısı Kərbə­la­yı Musa da əsirgəmədi (Kərbəlayı Musa respublikanın əməkdar həkimi Soltan Vəliyevin atasıdır). Bir el məsəlini xatırlayıram: “Yetim böyüyür, Əzrayılın paxıllığı özünə qalır”...

Məhəmməd Heydər oğlu böyüdü, boya-başa çatdı...

Güzəran da ağır idi, zaman da. Hər yerdə olduğu kimi, Azərbaycanda da inqilabi düşüncələr açıq mübarizəyə başlamışdı, sovetləşməyə qarşı silahlı mübarizə də gedirdi, qaçaqlar, qolço­maq­lar, dövlətin də, bəzən camaatın da rahatlığını pozurdu. Dövlət bunlara qarşı ciddi mübarizədəydi. Bu mübarizə camaatın da illərini üşüdürdü...

İllər keçdi, 37-ci il oldu. Repressiyaların sazağı hər yeri üşütdü. Məmləkət boyunca ağrılar dolaşdı. Bu ağrılar varlıları bir cür sıxırdı, kasıbları başqa cür..

İkinci Dünya müharibəsi - Böyük Vətən müharibəsi başladı.

Məhəmməd Malatkeşin kəndində ibtidai təhsil almışdı. 1928-ci ildə Pirçivan kənd  məktəbini bitirdikdən sonra kənddə təsərrüfat işləri ilə məşğul olmağa başlamışdı.

Ağır illər idi.

1928-1930 cu illərdə sovet hökumətinin siyasətindən, bu siyasətin yaratdığı kolxoz qurulu­şun­dan narazı qalanlar istər Zəngilanda, istərsə də qonşu rayonlarda qaçaq düşüb dövlətə qarşı vu­­ruşurdular, dövləti yıxacaqlarını düşünürdülər. Bəzən dövlətin qanunundan qorxaraq Araz ca­yı­nı keçər, İranda sığınacaq tapardılar. Arazı keçməyi bacarmayanlar Sobu kəndindəki, Leşkər­də­ki qalın meşələrdə daldalanardılar. “Qaçağı el saxlayar” deyiblər. Bu qaçaqların əksəriyyəti ca­ma­atın çörək təknəsinə göz dikənlər olardı. Belə vaxtlarda dövlət milis sistemini gücləndirməyə başladı. Milis dəstələrinə Məhəmməd Heydər oğlu da kömək edirdi...

Sonra orduya çağırılan Məhəmməd Heydərov 1930- 1932-ci illərdə Azərbaycan divizi­ya­sının tərkibində Bakı şəhərində hərbi xidmətdə oldu. Yaxşı əsgər idi. Tapşırılan vəzifələri mə­su­liyyətlə yerinə yetirirdi. Komandirləri də, digər zabitlər də onun düşüncələrini, siyasi hazırlığını bə­­yənirdi. Bunun nəticəsi olaraq Məhəmməd Heydərov 1932-ci ildə partiya siralarına qəbul edil­di. Həmin il hərbi xidməti başa çatdı. Ordudan tərxis edildi.

Siyasi səbatlılığı, dürürst düşüncəsi ilə tanınan Məhəmməd Heydərovu partiya məktəbinə gön­dərdilər. “Bu, mənə böyük etimaddır. Etimadı doğrultmaq təkcə özümə deyil, məni boya-başa çat­dıranlara ehtiramım olacaq. Yaxşı oxumalıyam, rayona daha hazırlıqlı qayıtmalıyam...”, - belə dü­şü­nürdü və bu düşüncələrin işığında gənc partiya işçisi kimi formalaşırdı...

Təhsilini başa vurdu, 1933-cü ilin iyulunda Ağdam Rayon Komsomol Komitəsinin təşkilat şö­bəsinin müdiri vəzifəsinə göndərildi. O illərdə belə bir vəzifədə işləmək dövlətin ideoloji əsgəri ol­­maq idi və gələcəkdə bu vəzifə daha məsul vəzifələrə təyinatların başlanğıcı olacaqdı. Bunu ona demiş­di­lər də, özü də bilirdi...

1934-cü ildə Zəngilana qayıtdı. Əslində, belə vəzifələrdə işləyənlər üçün “qayıtdı” ifadəsi ye­ri­nə düşmür, “qaytarıldı” ifadəsi daha dəqiq səslənir. Onu Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi seçdilər. Sevinirdi. Həm bu vəzifəyə seçildiyinə görə, həm Zəngilanda seçildiyinə gö­rə. Həm də onu təbrik edənlər atasını da anırdı, himayədarlarını da. Bu, gənc siyasətçiyə könül xoşluğu verirdi...

1935-ci ilin sonunda  Azərbaycan KP MK-nın Ali Partiya Məktəbinə göndərilən Məhəmməd Heydərov  məktəbi bitirdikdən sonra 1937-ci ildə Zəngilan Rayon Torpaq Şöbəsinin müdiri təyin edildi. 1938-ci il sentyabrın 1-dən 1942-ci ill fevralın 14-dək Zəngilan rayonunda çıxan “Stalinçi”  qəzetinin redaktoru işlədi.

İkinci Dünya müharibəsi genişlənirdi. Faşistlər SSRİ-nin daxilinə doğru irəliləyirdi. Ölkədə böyük sə­fər­bərlik başlamışdı. “Bron”ların sayı maksimum azaldılmışdı. Döyüşlərə partiya, sovet orqan­la­rında işləyənlər də, müəllimlər də, tələbələr də göndərilirdi. Belə bir vaxtda Zəngilanda da böyük sə­fərbərlik başlamışdı. Onda 1942-ci ilin fevralında “Stalinçi” qəzetinin redaktoru Məhəmməd Hey­­də­rovu da döyüşlərə apardılar. 34 yaşında. O da döyüşəcəkdi, qələbə naminə döyüşənlərin sı­ra­sın­da olacaqdı...

Ağır illər idi. Cəbhədə də, arxa cəbhədə də. Döyüşənlər arxa cəbhəni də düşünürdü, arxa cəb­hədə işləyənlər ön cəbhəni. Hamının bir məqsədi vardı: qada-bala kürünsün, müharibə başa çatsın, faşistlər çəkilib getsin, döyüşə gedənlər ev-eşiyinə qayıtsın... Məhəmməd Heydərov da bu amalla dö­yüşürdü. Döyüşlərdə iki dəfə yaralanmışdı, müalicə olunub yenidən döyüşlərə qayıtmışdı. 416-cı Taqanroq diviziyasının tərkibində “SMERS” hərbi əks-kəşfiyyat şöbəsinin əməliyyat zabiti idi. Neçə-neçə ağır əməliyyatda iştirak etmişdi. Komandanlıq onun cəsarətini, mərdliyini, igidliyini yük­sək dəyərləndirirdi.

Məhəmməd Heydərov çox ciddi bir hərbi tapşırığı yerinə yetirib qayıdanda yaralanmış dö­yüş­çünü də özü ilə bazaya kimi gətirə bilmişdi. Komandir həm tapşırığın yerinə yetirlməsinə görə, həm də bir döyüşçü ömrünü ölümdən, bəlkə də əsirlikdən xilas etdiyinə görə Məhəmməd Heydə­ro­va təşəkkürünü bildirmişdi. Həm rəsmi, həm də duyğulandığına görə fərdi qaydada, dost­ca­sına: “Sə­nin kimi döyüşçünü təkcə özümə deyil, bütün əks-kəşfiyyatçılara dost bilirəm, Hey­də­rov...”, - demişdi.. Döyüşçülər Məhəmmədi əhatələmişdilər, “Komandirimizin bu qədər duyumlu zabit ol­du­ğunu sənə görə bildik. Bundan sonra daha cəsarətlə döyüşəcəyik. Belə zabitin döyüş­çü­ləri igid­lik­lə vuruşmalıdır, qorxmadan, cəsarətlə vuruşmalıdır, Heydərov...”, - demişdilər. Məhəmməd bu­na da sevinmişdi, “Zəngilana qayıdanda əzizlərimə bunu da danışacam, qürurlansınlar, onda ata­mın ruhu da şad olar...”, - düşünmüşdü...

1943-cü il oktybrın 23-də Melitopol şəhərinin, az sonra Nikolayev şəhərinin, 1944-cü il ap­re­lin 10-da Odessa şəhərinin, sonra Kişinyov şəhərinin, sonra Polşanın azad edilməsində də iştirak edib, döyüşüb, mərdliklə döyüşdü.

Berlin istiqamətində Visla və Oder çayları arasında keçirilən əməliyyatlarda fərqləndiyinə görə İkinci dərəcəli “Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edildi. Sevinirdi. Təkcə təltiflərə görə sevinmirdi, həm də bu təltiflərin Zəngilana da, Azərbaycana da qürur ya­şa­da­cağına sevinirdi.

Berlin istiqamətində ağır döyüşlər gedirdi. Şöbənin əməkdaşları döyüşlərin gedişinin qələ­bə­yə yönəldilməsində mühüm tapşırıqlar yerinə yetirirdi. Məhəmməd Heydərov üç döyüşçü ilə mü­hüm bir tapşırığın icrasına göndərilmişdi. Bu, fərdi şəkildə yerinə yetirilən əməliyyat idi. Əmə­liy­yata başlama ərəfəsində yaxınlıqlarına mərmi düşdü. Birtəhər daldalana bildilər. Beş-on saniyə keçdi. İrəliləmək, əməliyyatı yerinə yetirmək istədilər. Bir nəfəs dərimi vaxt keçməmiş yanlarına daha bir mərmi düşdü. Döyüşçülərdən biri həlak oldu, Məhəmməd Heydərov yaralandı. Digər iki döyüş­çü onu döyüşün içindən çıxarda bildi. Yarası ağır deyildi, ancaq ciddi əməliyyat aparılmalı idi. Komandirin əmri ilə onu hərbi hospitala təxliyə edirdilər. Onda Məhəmməd gözucu döyüşçü yoldaşlarına baxmışdı. O baxışlar bir əhdi yada salırdı: Qələbə gününə kimi bir yerdə olacağıq! Döyüşçülərdən biri alnını Məhəmmədin alnına söykəmişdi, “Əhdimizi heç birimiz unutmamışıq. O günə az qalıb, Heydərov...”, - pıçıldamışdı...

Müalicə olundu...

Müharibə başa çatmışdı. Faşistlər təslim olmuşdu. Məhəmməd Heydərov da Ber­lin­dəydi. O da Qələbə bayrağının sancılmasının şahidi oldu...

Məhəmməd Heydərov “Vətən Müharibəsi” ordeninin birinci və ikinci dərəcəsi, “Qırmızı Ul­duz” ordeni, “İgidliyə  görə “medalı, “Almaniya üzərində qələbəyə görə” medalı və 11 digər  me­dal ilə təltif edildi. Dəfələrlə Baş Komandanlığın təşəkkürünə layiq görüldü...

Ordu sıralarından tərxis edildikdən sonra döyüş təəssüratlarını danışanda bu təltiflər haqqında da söz açardı, ancaq elə-belə, sözgəlişi; təvazökar insan idi Məhəmməd Heydərov...

Ordu sıralarından təxris edildikdən sonra  rayona qayıdan Məhəmməd Heydərov 1946-cı ilin fevralından 1954-cü ilin avqustunadək SSRİ Satınalma Nazirliyinin Zəngilan rayonu üzrə nü­ma­yəndəsi, Zəngilan Rayon Partiya Komitəsinin 3-cü katibi və Zəngilan Rayon Zəhmətkeş De­putatları Soveti İcraiyyə Komitəsinin sədri kimi mühüm və məsuliyətli vəzifələrdə işlədi. O illər xatırla­nan­da mütləq mənada Məhəmməd Heydərov da xatırlanır. Ehtiramlarla, hörmətlərlə.

1954-cü ildə  Məhəmməd Heydərovu  Bakı Alı Partiya Məktəbinə təhsil almağa göndərdilər. Bu da böyük etimad idi. Müharibə veteranı bundan sonra da partiya, sovet orqanlarında mühüm vəzifələrdə iş­lə­yəcəkdi. Necə vətəndaş olduğunu bundan sonra da təsdiq edəcəkdi. 1958-ci ildə Bakı Ali Partiya Məktəbini mü­vəf­fəqiyyətlə bitirdi. Zəngilana qayıtdıqdan sonra rayon Kənd Təsərrüfatı Müfəttişliyinin rəisi, Oktyabr kolxozunun  sədri, Kalinin adına sovxozun  direktoru, Zəngilan Rayon Kommunal  Təsərrüfatı İdarəsinin rəisi, rayon baş barama qurutmaxanasının direktoru və diğər  vəzifələrdə çalışan Məhəmməd Heydərov 1990-cı il fevralın 9-da dünyasını dəyişdi.

Məhəmməd Heydərov harada işləyibsə, böyük nüfuz sahibi kimi işləyib, ehtiram qazanıb. Kollektiv də sevib onu, rəhbərlik də...

Rayon partiya komitəsinin büro və plenum üzvü, rayon və şəhər sovetinin deputatı kimi iç­ti­mai-siyası fəaliyyəti də həmişə yüksək dəyərləndirilib...

Bayram Məmmədov,
istefada olan polkovnik-leytenant,
Əməkdar müəllim

Chosen
10
ikisahil.az

1Sources