Tarix üçün 100 il böyük rəqəm deyil. Ürək üçün, insanlar üçün, ömür üçün böyük rəqəmdir. Bir vaxtlar tanıdığın adam haqqında keçmişdən danışılırmış kimi danışılır. İllər keçir, onu tanıyanların da sayı azalır. Zaman gəlir, onun haqqında xatirələr danışır, xatirələrə söykənən tarix danışır. Bu danışılanlar zaman anlamında dünənlərin olmuşlarıdır – tarixdir. Tarixdən danışan tarixin dediklərini dinlədikcə qürurlanırıq da, qəhərlənirik də, təəssüflənirik də. El-obamızla bağlı olan hadisələr, el-obamızda yaşamış adamlar haqqında danışılanlar düşüncələrimizə salnamələr kimi hopur. Bu salnamələr təkcə Zəngilanın deyil, həm də Azərbaycanın tarixidir...
Məhəmməd Heydər oğlu vardı. 1908-ci il martin 10-da Zəngilanın Malatkeşin kəndində anadan olmuşdu. Onun da atası kəndli idi. Məhəmmədin 6 yaşı olanda atası dünydan köçdü. Zaman ona sitəm eləmişdi. Anası Bənövşə, əmisi Nəzər onun fidan ömrünü üşüməyə qoymadılar. Onun illərindən öz işığını dayısı Kərbəlayı Musa da əsirgəmədi (Kərbəlayı Musa respublikanın əməkdar həkimi Soltan Vəliyevin atasıdır). Bir el məsəlini xatırlayıram: “Yetim böyüyür, Əzrayılın paxıllığı özünə qalır”...
Məhəmməd Heydər oğlu böyüdü, boya-başa çatdı...
Güzəran da ağır idi, zaman da. Hər yerdə olduğu kimi, Azərbaycanda da inqilabi düşüncələr açıq mübarizəyə başlamışdı, sovetləşməyə qarşı silahlı mübarizə də gedirdi, qaçaqlar, qolçomaqlar, dövlətin də, bəzən camaatın da rahatlığını pozurdu. Dövlət bunlara qarşı ciddi mübarizədəydi. Bu mübarizə camaatın da illərini üşüdürdü...
İllər keçdi, 37-ci il oldu. Repressiyaların sazağı hər yeri üşütdü. Məmləkət boyunca ağrılar dolaşdı. Bu ağrılar varlıları bir cür sıxırdı, kasıbları başqa cür..
İkinci Dünya müharibəsi - Böyük Vətən müharibəsi başladı.
Məhəmməd Malatkeşin kəndində ibtidai təhsil almışdı. 1928-ci ildə Pirçivan kənd məktəbini bitirdikdən sonra kənddə təsərrüfat işləri ilə məşğul olmağa başlamışdı.
Ağır illər idi.
1928-1930 cu illərdə sovet hökumətinin siyasətindən, bu siyasətin yaratdığı kolxoz quruluşundan narazı qalanlar istər Zəngilanda, istərsə də qonşu rayonlarda qaçaq düşüb dövlətə qarşı vuruşurdular, dövləti yıxacaqlarını düşünürdülər. Bəzən dövlətin qanunundan qorxaraq Araz cayını keçər, İranda sığınacaq tapardılar. Arazı keçməyi bacarmayanlar Sobu kəndindəki, Leşkərdəki qalın meşələrdə daldalanardılar. “Qaçağı el saxlayar” deyiblər. Bu qaçaqların əksəriyyəti camaatın çörək təknəsinə göz dikənlər olardı. Belə vaxtlarda dövlət milis sistemini gücləndirməyə başladı. Milis dəstələrinə Məhəmməd Heydər oğlu da kömək edirdi...
Sonra orduya çağırılan Məhəmməd Heydərov 1930- 1932-ci illərdə Azərbaycan diviziyasının tərkibində Bakı şəhərində hərbi xidmətdə oldu. Yaxşı əsgər idi. Tapşırılan vəzifələri məsuliyyətlə yerinə yetirirdi. Komandirləri də, digər zabitlər də onun düşüncələrini, siyasi hazırlığını bəyənirdi. Bunun nəticəsi olaraq Məhəmməd Heydərov 1932-ci ildə partiya siralarına qəbul edildi. Həmin il hərbi xidməti başa çatdı. Ordudan tərxis edildi.
Siyasi səbatlılığı, dürürst düşüncəsi ilə tanınan Məhəmməd Heydərovu partiya məktəbinə göndərdilər. “Bu, mənə böyük etimaddır. Etimadı doğrultmaq təkcə özümə deyil, məni boya-başa çatdıranlara ehtiramım olacaq. Yaxşı oxumalıyam, rayona daha hazırlıqlı qayıtmalıyam...”, - belə düşünürdü və bu düşüncələrin işığında gənc partiya işçisi kimi formalaşırdı...
Təhsilini başa vurdu, 1933-cü ilin iyulunda Ağdam Rayon Komsomol Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə göndərildi. O illərdə belə bir vəzifədə işləmək dövlətin ideoloji əsgəri olmaq idi və gələcəkdə bu vəzifə daha məsul vəzifələrə təyinatların başlanğıcı olacaqdı. Bunu ona demişdilər də, özü də bilirdi...
1934-cü ildə Zəngilana qayıtdı. Əslində, belə vəzifələrdə işləyənlər üçün “qayıtdı” ifadəsi yerinə düşmür, “qaytarıldı” ifadəsi daha dəqiq səslənir. Onu Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi seçdilər. Sevinirdi. Həm bu vəzifəyə seçildiyinə görə, həm Zəngilanda seçildiyinə görə. Həm də onu təbrik edənlər atasını da anırdı, himayədarlarını da. Bu, gənc siyasətçiyə könül xoşluğu verirdi...
1935-ci ilin sonunda Azərbaycan KP MK-nın Ali Partiya Məktəbinə göndərilən Məhəmməd Heydərov məktəbi bitirdikdən sonra 1937-ci ildə Zəngilan Rayon Torpaq Şöbəsinin müdiri təyin edildi. 1938-ci il sentyabrın 1-dən 1942-ci ill fevralın 14-dək Zəngilan rayonunda çıxan “Stalinçi” qəzetinin redaktoru işlədi.
İkinci Dünya müharibəsi genişlənirdi. Faşistlər SSRİ-nin daxilinə doğru irəliləyirdi. Ölkədə böyük səfərbərlik başlamışdı. “Bron”ların sayı maksimum azaldılmışdı. Döyüşlərə partiya, sovet orqanlarında işləyənlər də, müəllimlər də, tələbələr də göndərilirdi. Belə bir vaxtda Zəngilanda da böyük səfərbərlik başlamışdı. Onda 1942-ci ilin fevralında “Stalinçi” qəzetinin redaktoru Məhəmməd Heydərovu da döyüşlərə apardılar. 34 yaşında. O da döyüşəcəkdi, qələbə naminə döyüşənlərin sırasında olacaqdı...
Ağır illər idi. Cəbhədə də, arxa cəbhədə də. Döyüşənlər arxa cəbhəni də düşünürdü, arxa cəbhədə işləyənlər ön cəbhəni. Hamının bir məqsədi vardı: qada-bala kürünsün, müharibə başa çatsın, faşistlər çəkilib getsin, döyüşə gedənlər ev-eşiyinə qayıtsın... Məhəmməd Heydərov da bu amalla döyüşürdü. Döyüşlərdə iki dəfə yaralanmışdı, müalicə olunub yenidən döyüşlərə qayıtmışdı. 416-cı Taqanroq diviziyasının tərkibində “SMERS” hərbi əks-kəşfiyyat şöbəsinin əməliyyat zabiti idi. Neçə-neçə ağır əməliyyatda iştirak etmişdi. Komandanlıq onun cəsarətini, mərdliyini, igidliyini yüksək dəyərləndirirdi.
Məhəmməd Heydərov çox ciddi bir hərbi tapşırığı yerinə yetirib qayıdanda yaralanmış döyüşçünü də özü ilə bazaya kimi gətirə bilmişdi. Komandir həm tapşırığın yerinə yetirlməsinə görə, həm də bir döyüşçü ömrünü ölümdən, bəlkə də əsirlikdən xilas etdiyinə görə Məhəmməd Heydərova təşəkkürünü bildirmişdi. Həm rəsmi, həm də duyğulandığına görə fərdi qaydada, dostcasına: “Sənin kimi döyüşçünü təkcə özümə deyil, bütün əks-kəşfiyyatçılara dost bilirəm, Heydərov...”, - demişdi.. Döyüşçülər Məhəmmədi əhatələmişdilər, “Komandirimizin bu qədər duyumlu zabit olduğunu sənə görə bildik. Bundan sonra daha cəsarətlə döyüşəcəyik. Belə zabitin döyüşçüləri igidliklə vuruşmalıdır, qorxmadan, cəsarətlə vuruşmalıdır, Heydərov...”, - demişdilər. Məhəmməd buna da sevinmişdi, “Zəngilana qayıdanda əzizlərimə bunu da danışacam, qürurlansınlar, onda atamın ruhu da şad olar...”, - düşünmüşdü...
1943-cü il oktybrın 23-də Melitopol şəhərinin, az sonra Nikolayev şəhərinin, 1944-cü il aprelin 10-da Odessa şəhərinin, sonra Kişinyov şəhərinin, sonra Polşanın azad edilməsində də iştirak edib, döyüşüb, mərdliklə döyüşdü.
Berlin istiqamətində Visla və Oder çayları arasında keçirilən əməliyyatlarda fərqləndiyinə görə İkinci dərəcəli “Vətən Müharibəsi” və “Qırmızı Ulduz” ordenləri ilə təltif edildi. Sevinirdi. Təkcə təltiflərə görə sevinmirdi, həm də bu təltiflərin Zəngilana da, Azərbaycana da qürur yaşadacağına sevinirdi.
Berlin istiqamətində ağır döyüşlər gedirdi. Şöbənin əməkdaşları döyüşlərin gedişinin qələbəyə yönəldilməsində mühüm tapşırıqlar yerinə yetirirdi. Məhəmməd Heydərov üç döyüşçü ilə mühüm bir tapşırığın icrasına göndərilmişdi. Bu, fərdi şəkildə yerinə yetirilən əməliyyat idi. Əməliyyata başlama ərəfəsində yaxınlıqlarına mərmi düşdü. Birtəhər daldalana bildilər. Beş-on saniyə keçdi. İrəliləmək, əməliyyatı yerinə yetirmək istədilər. Bir nəfəs dərimi vaxt keçməmiş yanlarına daha bir mərmi düşdü. Döyüşçülərdən biri həlak oldu, Məhəmməd Heydərov yaralandı. Digər iki döyüşçü onu döyüşün içindən çıxarda bildi. Yarası ağır deyildi, ancaq ciddi əməliyyat aparılmalı idi. Komandirin əmri ilə onu hərbi hospitala təxliyə edirdilər. Onda Məhəmməd gözucu döyüşçü yoldaşlarına baxmışdı. O baxışlar bir əhdi yada salırdı: Qələbə gününə kimi bir yerdə olacağıq! Döyüşçülərdən biri alnını Məhəmmədin alnına söykəmişdi, “Əhdimizi heç birimiz unutmamışıq. O günə az qalıb, Heydərov...”, - pıçıldamışdı...
Müalicə olundu...
Müharibə başa çatmışdı. Faşistlər təslim olmuşdu. Məhəmməd Heydərov da Berlindəydi. O da Qələbə bayrağının sancılmasının şahidi oldu...
Məhəmməd Heydərov “Vətən Müharibəsi” ordeninin birinci və ikinci dərəcəsi, “Qırmızı Ulduz” ordeni, “İgidliyə görə “medalı, “Almaniya üzərində qələbəyə görə” medalı və 11 digər medal ilə təltif edildi. Dəfələrlə Baş Komandanlığın təşəkkürünə layiq görüldü...
Ordu sıralarından tərxis edildikdən sonra döyüş təəssüratlarını danışanda bu təltiflər haqqında da söz açardı, ancaq elə-belə, sözgəlişi; təvazökar insan idi Məhəmməd Heydərov...
Ordu sıralarından təxris edildikdən sonra rayona qayıdan Məhəmməd Heydərov 1946-cı ilin fevralından 1954-cü ilin avqustunadək SSRİ Satınalma Nazirliyinin Zəngilan rayonu üzrə nümayəndəsi, Zəngilan Rayon Partiya Komitəsinin 3-cü katibi və Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri kimi mühüm və məsuliyətli vəzifələrdə işlədi. O illər xatırlananda mütləq mənada Məhəmməd Heydərov da xatırlanır. Ehtiramlarla, hörmətlərlə.
1954-cü ildə Məhəmməd Heydərovu Bakı Alı Partiya Məktəbinə təhsil almağa göndərdilər. Bu da böyük etimad idi. Müharibə veteranı bundan sonra da partiya, sovet orqanlarında mühüm vəzifələrdə işləyəcəkdi. Necə vətəndaş olduğunu bundan sonra da təsdiq edəcəkdi. 1958-ci ildə Bakı Ali Partiya Məktəbini müvəffəqiyyətlə bitirdi. Zəngilana qayıtdıqdan sonra rayon Kənd Təsərrüfatı Müfəttişliyinin rəisi, Oktyabr kolxozunun sədri, Kalinin adına sovxozun direktoru, Zəngilan Rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi, rayon baş barama qurutmaxanasının direktoru və diğər vəzifələrdə çalışan Məhəmməd Heydərov 1990-cı il fevralın 9-da dünyasını dəyişdi.
Məhəmməd Heydərov harada işləyibsə, böyük nüfuz sahibi kimi işləyib, ehtiram qazanıb. Kollektiv də sevib onu, rəhbərlik də...
Rayon partiya komitəsinin büro və plenum üzvü, rayon və şəhər sovetinin deputatı kimi içtimai-siyası fəaliyyəti də həmişə yüksək dəyərləndirilib...
Bayram Məmmədov,
istefada olan polkovnik-leytenant,
Əməkdar müəllim