Ermənistanda keçiriləcək parlament seçkilərinin tarixi ilə bağlı rəsmi açıqlamadan sonra ölkə daxilində polemikalar qızışmaqdadır. 2026-cı ilin iyun ayına təyin edilən parlament seçkilərinə bir il qalmasına baxmayaraq Ermənistanda ağız deyəni qulaq eşitmir. Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Apostol kilsəsinin başçısı II Qaregin arasında yaranan ixtilaflar, sabiq prezidentlərin yenidən hakimiyyətə gəlmək naminə apardıqları mübarizələr, revanşist qüvvələrin fəallaşaması daxili gərginliyi daha da artırıb. Azərbaycan ilə Ermənistan arasındakı sülh sazişinin bütün müddəalarının razılaşdırılması, baş nazir Paşinyanın konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı hələ də tam dəqiqləşməyən qeyri- rəsmi açıqlamalarından təlaşlanan, «kilsə kartı» ssenarilərindən istifadə edən revanşistlərin «keşiş Baqrat» oyunlarını Qareginin simasında davam etdirmələri, «beşinci kalon»un siyasi hadisələrə müdaxiləsi Ermənistanda vəziyyəti daha da ağırlaşdırıb. «Ermənistan Azərbaycanla davamlı sülhə nail olmaq üçün hansı yola üstünlük verməlidir» sualı cəmiyyətdə fikir ayrılığı yaradıb. Belə bir şəraitdə Erməni Apostol Kilsəsi ilə hakimiyyət arasında baş verən ixtilaflar vəziyyəti daha da gərginləşdirir.
İllərdən bəri kimliyindən asılı olmayaran ölkənin siyasi hakimiyyətinə təsir imkanlarından istifadə edən Apostol kilsəsi bu günlərdə daha da aqressivləşib. Ermənistanla Azərbaycan arasında sülh sazişinə azacıq da olsa isti münasibətlərin yarandığı məqamlarda insanları itaətsizliyə, mitinqlərə və yeni müharibəyə çağıran revanşistlərin qışızdırıcı çağırışları ilə eyniləşən sabiqlərin ittihamları siyasi hadisələri daha da gərginləşdirməklə maraqlı qüvvələr arasındakı qarşıdurmaları qızışdırır.
Parlamentdəki «Ermənistan fraksiyası»nın bəyanatından sonra ölkədə milli parçalanmanın daha da genişlənməsi hakim dairələri təlaşlandırır, siyasi, iqtisadi böhranı dərinləşdirir. «Erməni Apostol Kilsəsi xalqımızın həyatında müstəsna rol oynamış və bu, konstitusiyada da təsbit olunmuşdur» sözlərinin yer aldığı bəyanatda Paşinyanın kilsə, onun patriarxı və ruhani rəhbərliyinə qarşı ritorikası erməni xalqının ləyaqətini alçaldan, milli birliyi və dəyərlər sistemini sarsıdan davranış kimi qiymətləndirilib. Erməniliyin millitarist prinsiplərindən qaynaqlanan bu yanaşma dolayı yolla da olsa Qareginin müdafiəsini təmin edir. Hakimiyyətə gəldiyi vaxtdan erməni kilsəsinin ölkənin siyasi həyatına müdaxiləsi ilə razılaşmayan Paşinyan ermənilərin katolikosu II Qaregin haqqında söylədiyi sözlərə əlavə olaraq bildirir ki, bütün ermənilərin katolikosunun seçilməsi, təyinatı prosesində son qərarı Ermənistan hökuməti verməlidir. Dini qurumlarla bağlı islahat kimi dəyərləndirilən bu seçim bəzi dairələri narhat edir. Ermənistanda bəzi kilsələrin acınacaqlı vəziyyətdə olduğunu bildirən , məbədlərdə tikinti materiallarının, inşaat tullantılarının, bəzi hallarda silah-sursatların saxlanılmasını yolverilməz adlandıran baş nazir kilsələrlə bağlı standartların tətbiqini tələb edir.
Amma görünür Qareginin hakimiyyətə «həvəsləndirdiyi»” Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın «Bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam» ideyası bütünlükdə Erməni Apostol Kilsəsinin əsas fəaliyyət istiqamətlərindəndir. Səlahiyyətlərini aşan Baqrat bəyan edib ki, Ermənistan 2026-cı ilin parlament seçkilərinə Paşinyan olmadan getməlidir. O, ruhanilərin seçkilərə daha yüksək səviyyədə, təşkilatlanmış halda gedəcəklərini də bəyan edib. Hadisələr göstərir ki, həmişə olduğu kimi, bu gün də erməni kilsəsindən dini məbəd kimi deyil, siyasi alət kimi istifadə aktuallaşıb. Ölkədə siyasi hadisələrə müdaxiləni davam etdirən kilsə hökumətə təzyiq rıçaqlarını işə salır, xarici ölkələrdə formalaşan erməni lobbisinin dəstəyi ilə xüsusi imtiyazlara sahiblənmək niyyətlərini açıq-aşkar bildirir. Bu ölkənin təhlükəsizlik və müdafiə siyasətinə qarışmaqdan belə çəkinməyən qareginlər tarix boyu cəmiyyətdə Ermənistanın Azərbaycan torpaqlarını işğalına haqq qazandıran təxribatlar aparmaqla kifayətlənməmiş, soydaşlarımıza qarşı törədilən soyqırımları dəstəkləmiş, yeri gəldikdə cinayətlərin iştirakçıları belə olmuşlar. Torpaqalırımz 30 il Ermənistanın işğalı altında qaldığı müddətdə alban kilsələrinə əl gəzdirməklə «erməniləşdirən» Apostol kilsəsi dini qurumdan çox erməni faşizminin və separatizminin təbliğatçısı rolunu məharətlə ifa etmişdir. 2026-cı il iyunun 7-də ali qanunverici orqana seçkilərdə də fəal iştirak edəcəyini, öz namizədlərini dəstəkləyəcəyini bildirən II Qareginin özünə yaxın bildiyi sabiq prezidentlər Serjik Sarkisyanın, Robert Koçaryanın yanında olacağına şübhə yoxdur”. Baş nazir Nikol Paşinyanın «Vətəndaş Müqaviləsi»” Partiyası isə bu üçlüyün hakimiyyətinə yaradacağı təhlükəni hiss etdiyi üçün ölkədə siyasi, dini «islahatlara» başlayıb. Hakimiyyət daxilində «beşinci kalon»a xidmət edənləri təmizləməklə, orduda da da dəyişiklik edən Paşinyan İkinci Qaregini əxlaqsızlıqda, dini əqidəsinə zidd həyat tərzində ittiham edərək seçkiqabağı kampaniyada müxalif qüvvələri zərərsizləşdirməyə siyasətinə kilsədən başlayıb. «Baş keşiş»”in mühafizəçilərinin dövlət tərəfindən maliyyələşməsini dayandırmaqla digər «islahatlara» yol açan baş nazir rusiyameilli təbəqələrə qarşı da ideoloji cəbhə açıb. Müxalifyönlü biznes sahələrində genişmiqyaslı yoxlamalar aparmaqla gözlənilən təhlükələrə qarşı profilaktik tədbirlər görən Paşinyanın hədəfi Robert Koçaryan və Serjik Sakisyana bağlı, eyni zamanda rusiyameyilli iş adamlarıdır. Belə bir şəraitin mövcud olduğu Ermənistanın Azərbaycanla sülh sazişini imzalamaqdan başqa çıxış yolu yoxdur.
Son günlərdə bölgədə baş verən hadisələr, İsraillə İran arasında davam edən müharibə vəziyyəti gərginləşdirməklə daha mürəkkəb situasiya yaradıb. Ermənistanın əsas müttəfiqlərindən olan, işğalçı dövlətə maddi, siyasi, hərbi dəstək göstərən İranda baş verən dağıntılar, itkilər, elm adamlarının, yüksək rütbəli hərbçilərin sıradan çıxarılması başqalarının əlinə baxan Ermənistanın daxili və olmayan xarici siyasətinə də təsir edir. Ermənistanın «Zvartnos» Hava Limanında təhlükəsizliyi, bu ölkənin bəzi bölgələrində sərhədlərini qoruyan Rusiyanın qoşunlarını ölkədən çıxaran, hətta 102-ci bölməyə belə ehtiyacın olmadığın bildirən Paşinyan artıq «Keçən il biz Rusiya qoşunlarının mövcudluq səviyyəsini azaltdıq, lakin digər tərəfdən, hazırda Ermənistanda Rusiya qoşunlarının mövcudluğunu dayandırmaq kimi bir vəzifəmiz yoxdur. Bizim başqa bir vəzifəmiz var - region ölkələri ilə möhkəm və sabit sülh yaratmağı bacarmaq» ifadələrini işlədir. Yəni, regionda gücsüz dövlət kimi tanınan Ermənistanın düşdüyü vəziyyət bölgədə yeni siyasi mühüt formalaşdırıb.
Bəllidir ki, Azərbaycan Cənubi Qafqazda daimi sülhün yaranması üçün bütün vasitələrdən istifadə edir. Azərbaycan qarşı tərəfdən sülh sazişinin əsas bəndi olan Qarabağa hər hansı ərazi iddialarından rəsmən imtina etmək üçün ilk növbədə öz konstitusiyasına düzəliş etməsini tələb edir. Amma çox təəssüf ki, Ermənistanda çoxları hələ də bir gün Qarabağın geri qaytarılacağına ümid edir. Paşinyana müxalif qüvvələr tərəfindən cəmiyyətdə Qarabağı geri almaq düşüncəsi formalaşdırılır. Amma müharibələrdən, iqtisadi böhrandan əziyyət çəkən xalq sabitlik və rahat həyat istəyir. Bu baxımdan qarşıdakı ildə keçiriləcək parlament seçkilərinin hansı gərginliklə müşaiyət olunacağı bəri başdan bəllidir.
Xuraman İsmayılqızı, «İki sahil»