EN

Əlyazmalar İnstitutunda Qasım bəy Zakirin irsinə həsr olunmuş elmi sessiya keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 17-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, XIX əsr realist Azərbaycan ədəbiyyatının nümayəndəsi, maarifçi, realist satiranın banisi Qasım bəy Zakirin həyat və yaradıcılığına həsr olunmuş “Qasım bəy Zakirin bədii irsi” adlı elmi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, İnstitutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri dosent Əkrəm Bağırov giriş nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamına əsasən keçirilən bu tədbirin Zakir irsinin daha dərindən öyrənilməsi, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İnstitutun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri dosent Raqub Kərimov, aparıcı elmi işçi fil.ü.f.d. Tünzalə Seyfullayeva, elmi işçi Sevinc Muxtarova, böyük laborant Nərmin Cəlilova və redaktor Vəfa Şərifova məruzələrində Qasım bəy Zakirin Azərbaycan ədəbiyyatında mövqeyindən, onun əlyazma irsindən, qeyri-mətbu şeirləri və satirasından, o cümlədən Azərbaycan-rus ədəbi əlaqələrindəki rolundan bəhs edib, şairin klassik Şərq ədəbiyyatının ən yaxşı cəhətlərini özünəməxsus lirik üslubda inkişaf etdirdiyini vurğulayıblar.

Tədbirdə həmçinin institutun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Əliyevin və Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Aybəniz Rəhimovanın məruzə ətrafında çıxışları dinlənilib.

Sonda tədbir iştirakçıları İnstitut kitabxanasının hazırladığı, şairin yaradıcılığını və bədii irsini özündə əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
azertag.az

1Sources