EN

Azərbaycan və Qazaxıstan energetika, nəqliyyat və maliyyə sahələrində reallaşdırılmamış əməkdaşlıq potensialına malikdir

Azərbaycan və Qazaxıstan İpək Yolu regionunun sistemyaradıcı qovşaqları kimi iqtisadi şaxələndirmə prioritetlərini, xarici ticarət axınlarının genişləndirilməsini və transregional əlaqələrin gücləndirilməsini əhatə edən razılaşdırılmış geoiqtisadi strategiya formalaşdırır.

"Report" xəbər verir ki, bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

"Azərbaycan və Qazaxıstan arasında genişlənən iqtisadi tərəfdaşlıq hər iki ölkənin liderlərinin tam dəstəklədiyi dərinləşən müttəfiqlik əməkdaşlığının və strateji münasibətlərin möhkəm təməlinə əsaslanır", - hesabatda qeyd olunur.

Bununla yanaşı, ikitərəfli ticarət dövriyyəsinin müsbət dinamikasına baxmayaraq, karbohidrogen və bərpa olunan enerji, nəqliyyat və logistika, maliyyə xidmətləri, telekommunikasiya və aqro-ərzaq ticarəti kimi sektorlarda reallaşdırılmamış böyük potensialın olduğu bildirilir.

Hesabatın müəllifləri qeyd edirlər ki, 2023-cü ildə ölkələr qarşılıqlı ticarətin dəyərini 1 milyard ABŞ dollarına çatdırmaq kimi iddialı hədəf qoyub: "2024-cü ildə ticarət dövriyyəsi təxminən 533 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Bununla belə, hazırkı ticarət həcmləri mümkün iqtisadi əməkdaşlığın yalnız kiçik bir hissəsini əhatə etdiyi üçün istifadə olunmamış böyük potensial qalır".

Hesabata əsasən, 2005-ci ildən bəri Azərbaycandan Qazaxıstana birbaşa xarici investisiya qoyuluşunun ümumi məbləği 410 milyon ABŞ dolları, Qazaxıstandan Azərbaycana isə 149,7 milyon ABŞ dolları təşkil edib. Hazırda Qazaxıstanda Azərbaycan kapitallı 1 700-dən çox şirkət qeydiyyatdan keçib. Bundan başqa, "Astana" Beynəlxalq Maliyyə Mərkəzində əsasən informasiya texnologiyaları, nəqliyyat və logistika sahələrində Azərbaycan kapitalının iştirakı ilə 6 şirkət fəaliyyət göstərir,.

Gülnar Mahmudova

Chosen
10
report.az

1Sources