Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı oyununu idarə edib.
Arena.az xəbər verir ki, ədalət rəmsilçimiz Gürcüstan – Portuqaliya matçının baş hakimi olub.
Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçirilmiş C qrupunun matçı portuqaliyalıların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Elçin Məsiyev bu oyunda 1 qırmızı vərəqə və 1 penalti ilə yanaşı, 5 sarı vərəqə də göstərib. Azərbaycanlı referi 5-ci dəqiqədə gürcülərin oyunçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. 90+5-ci dəqiqədə isə o, gürcülərin qapısına penalti təyin edib və portuqallar bu şansdan da maksimum yararlanaraq matçda yekun nəticəni müəyyənləşdirən qolu vurublar. Məsiyev Gürcüstan yığmasının 3, Portuqaliya millisinin 2 üzvünə də sarı vərəqə göstərib.
Qeyd edək ki, 3 turdan sonra 7 xal toplamış Portuqaliya yığması lider kimi, eyni xala malik Fransa seçməsi isə ikinci yerin sahibi kimi 1/4 finala yüksəliblər.