EN

"Ayrılan pulları yarışın qaliblərinə deyil, özlərinə götürüblər" - Bir milyon manatlıq MƏHKƏMƏ İŞİ

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda cinayət işi üzrə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verərək bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar təqdim ediblər:
 
"Həmin arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyinin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlaması zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə deyil, özlərinə götürüblər".
 
Növbəti şahid, sözügedən idarədə baş məsləhətçi vəzifəsində çalışan Samir Kərimov ifadə verib:
 
"Hər il tədbirlər planı olurdu. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Tədbirlərimiz çox olurdu. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, tədbirlər planında nəzərdə tutulmayan tədbirlərimiz də olurdu. Planda nəzərdə tutulmayan tədbir məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Bizim digər qurumlarla da tədbirlərimiz olurdu.
 
Növbəti proses iyulun 9-na təyin edilib.
 
Qeyd edək ki, adıçəkilən şəxslər bir milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
 
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
 
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
 
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb. /oxu.az/
Chosen
7
3
moderator.az

10Sources