Mövzu ilə bağlı Demokrat.az-a danışan sabiq deputat Etibar Əliyev bildirib ki, bu reytinqdən görünür ki, Azərbaycan universitetlərinin mövqeyi ürəkaçan deyil:
“Bu reytinqlərdə müxtəlif kriteriyalar nəzərə alınır – xarici tələbələrin cəlb olunması, professor-müəllim heyətinin məqalələri və məqalələrinə istinadların sayı, əmək bazarında məzunların iş tapmaları, universitetlərin rəqəmsal varlığı. Bizdə, bir neçəsi istisna olmaqla, əksər universitetlərin saytına baxsanız, görərsiniz ki, rektorun təbliğatı ilə məşğuldurlar. Universitet müəllimləri açıq mühazirələr keçirmirlər, əksər universitetlər öz kitabxanalarını yeniləmirlər. Bunlar hamısı reytinq təşkilatları tərəfindən izlənilir”.
Etibar Əliyev bildirib ki, yaxşı universitet – yaxşı müəllim, qabaqcıl proqramların tətbiqi deməkdir:
“Yeni, müasir dərsliklərin yazılmasında ciddi problem var. Tələbələr üçün istər dərslik, istər elmi-kütləvi ədəbiyyatların tərcüməsində çox ciddi problemlər var. Universitetlərin laboratoriyaları köhnədir. Universitet tələbələrə bilik verməklə yanaşı, tədqiqatlara cəlb etməlidir, tənqidi düşüncə tərzini formalaşdırmalıdır. Universitetlərin əksəriyyəti maraqlı deyil ki, tanınmış alimlər mühazirələrə dəvət edilsinlər”.
Cavidan Mirzəzadə
Demokrat.az