EN

“Yolda saxlayıb deyirdilər ki, niyə ən pis rolu oynayırsan, yəqin həyatda da beləsən?” - FOTO+ÖZƏL

Bakı Uşaq və Gənclər Teatrının aktyoru Niyaz İlyasoğlu Moderator.az-ın suallarını cavablandırıb.
 
-Niyaz bəy, uzun illərdir Bakı Uşaq və Gənclər Teatrında çalışırsınız. Teatrı sizə sevdirən nə olub? 
 
-Artıq 15 ildir ki, bu teatrda çalışıram. Paralel olaraq bir neçə teatrda tamaşalar oynamışam. İlk olaraq Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlamışam. İndi də dəvətli aktyor kimi orada tamaşada rol almışam. Teatrın qəribə bir aurası, canlı sənət olduğuna görə tamaşaçı ilə ünsiyyəti var. Hər şey indi, bu dəqiqə baş verir. Bu yoluxucu bir xəstəlik kimi insanın canına keçir və ondan çox nadir hallarda kimsə sənəti tərk edir. Əksər aktyorlar bu sənətdə qalır. Səhnəyə olan sevgi illər boyu hər dəfə yeni-yeni obrazlar yaratmağa təkan verir. Bu teatrı mənə sevdirən əsas xüsusiyyətlərdir.
 
-Bəs teatrda sevmədikləriniz nələrdir?
 
-Bəzən teatrda məşqlərin çoxluğunu sevmirəm. Mən bir tamaşa üçün 5 məşqə hazır oluramsa, lazım olan işi yerinə yetirirəmsə, teatrda 10 məşq olmalıdır. İstəsən də, istəməsən məşq etməlisən. Bəzən də olur ki, sevmədiyin bir tamaşada oynamağa məcbur olursan. Hansı ki, həmin tamaşanı o qədər də bəyənmirsən. Əhvalın yoxdur, amma komediya oynamalısan. Əhvalın yaxşıdırsa, faciə oynamalısan. 
 
-Əslində bir çox tamaşaçı elə bilir ki, bu teatrda sırf uşaq tamaşaları nümayiş olunur. Bu da yəqin ki, teatrın adı ilə bağlıdır..
 
-Əvvəl bu teatrın adı Bakı Uşaq Teatrı idi. Ona görə də tamaşaçılar teatrın adını oxuyan kimi avtomatik elə başa düşürdülər ki, tamaşalar balacalar üçündür. Amma burada böyüklər də oturub tamaşanı izləyib, zövq ala bilirlər. Onlar üçün darıxdırıcı olmur. Bunu böyük tamaşaçılarımızdan aldığımız geridönüş mesajlarından bilirik. Daha sonra teatrın adı dəyişərək Bakı Uşaq və Gənclər Teatrı oldu. Bu teatrın böyüklər üçün də hazırladığı bir çox tamaşalar var. Sadəcə öz məkanının olmaması, şəhərdən çox kənarda olması bu tamaşaları oynamağa, göstərməyə imkan vermir. Amma kifayət qədər böyüklər üçün də, uşaqlar üçün da klassik əsərlərimiz var. Repertuarımız kasad deyil, zəngindir.
 
-Serialda çəkilməyənə qədər sırf sizin oyununuz üçün teatra gələn tamaşaçılar olurdu? 
 
-Təbii ki, seriala çəkilməyənə qədər mənim üçün teatra gələn tamaşaçı çox az idi. Bir neçə tamaşaçı ola bilərdi ki, düşünürdü filan aktyor bu rolu yaxşı oynayır, gedib yenidən tamaşasına baxım. Aktyor çəkiləndə, tanınanda valideyn də, uşaq da aktyoru daha yaxından görmək, onunla ünsiyyət qurmaq üçün teatra gəlir. Bu normal haldır. Bəli, tanınandan sonra tamaşaçıların sayı çoxaldı. Bu gün də durmadan artır. Aktyorun tanınması, filmə, seriala çəkilməsi həm də teatrın uğurudur. Bu teatra tamaşaçı gətirir.
 
-Teatrdakı məşqinizi, rolunuzu hansısa seriala, filmə qurban vermisiz?
 
-Rolumu qurban verməmişəm. Yadıma gəlmir ki, filmə, seriala görə hansısa roldan imtina edim. Onsuz da bizim teatrda aktyor sayı o qədər də çox deyil. Məşqdən
icazə almışam. Rejissor da, rəhbərlik də bu illər ərzində mənə serialda çəkilməyə imkan və şərait yaradıblar. Elə olub ki, sabah oynanılacaq tamaşada aktyorun işi çıxıb, mən gəlib rolu bir günə məşq etmişəm, oynamışam. Ona görə də deyirlər ki, Niyaz işini bilir, onu çox sıxmayın. Nəhayətdə biz aktyor olmaqdan savayı həm də ailə başçısıyıq. Bu günümüzün reallığıdır ki, aktyor da nəsə qazanmalıdır. Məvacib də bəllidir. Bəzən başqa çıxış yolumuz yoxdur. Buna məcburuq.
 
-Həqiqətən də serial və filmlərdə bəxti gətirən aktyorlardansınız...
 
-Bəli, bu barədə bəxtim gətirib. Buna səbəb yenə də Bakı Uşaq və Gənclər Teatrında çalışmağımdır. Kifayət qədər şərait yaratdılar. Sağ olsunlar. Hazırda digər teatrda “Şahnamə” tamaşasının gərgin məşqləri gedir. Doğma teatrım yenə də bu şəraiti mənə yaradır ki, gedim orada rahat iştirak edim. 
 
-Çəkildiyiniz hansı serial sizə ilk uğuru gətirdi?
 
-“Yuxu kimi” serialı mənə çox böyük uğur gətirdi. Aktyor kimi tanıtdı, məni təsdiqlədi. Mənfi obraz oynamağıma baxmayaraq insanlar tərəfindən sevildi, qəbul olundu. Bundan əlavə tənqidlər də olundu. “Vətəndaş A”, “Xəyanət”  serialları da mənə çox böyük uğur gətirdi. “Xəyanət”-də digər iki serialdan fərqli olaraq müsbət obraz oynayırdım. 
 
-Niyə əksər hallarda mənfi rollar oynayırsınız?
 
-Vallah bunun səbəbini mən də bilmirəm. İlk dəfə “Yuxu kimi”-də mənfi rol oynamışam. Sözün düzü “Vətəndaş A” serialına da həmin obraza görə çağırmışdılar ki, səndə bu yaxşı alınır. Həyatda tanıyanlar bilir ki, necə insanam? Kifayət qədər çılğın olsam da, çalışıram ki, səbrli, sakit, təmkinli olum. Oynadığım obrazlar kimi deyiləm. Yəqin ki, rejissorlara lazım olan sima, üz quruluşu, emosiya məndə kifayət qədərdir. Hər mənfi roldan sonra tamaşaçılar məni yolda görüb, fikirlərini bölüşürlər. Əksəriyyət deyir ki, orada bir yaxşı rol yoxdur ki, oynayasan? Niyə ən pisini sən oynayırsan? Çoxları da deyir ki, yəqin həyatda da beləsən, ona görə rejissorlar səni seçir. Belə yazanlar da, deyənlər də var idi. Bu tənqidlərə baxanda görürük ki, gördüyümüz iş düzgün hədəfə çatıb. Düzgün hədəfə çatıb ki, tənqid və tərif var.
 
Chosen
21
moderator.az

1Sources