“Bu gün bir çox dövlətlərdə siyasi qalmaqallar, ixtişaşlar, müharibələr turizm marşrutlarına çox ciddi təsir göstərir. Təbii ki, siyasi intriqalar coğrafiyasını genişləndirməkdə davam edir. Biz bunun günbəgün şahidi oluruq. Həmin ölkələrin turizm potensialının aşağı düşməsi digər ölkələrlə turizm mübadiləsində çox ciddi geriləməyə səbəb olur. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda, eyni zamanda Yaxın Şərqdəki İran-İsrail müharibəsi, Pakistan-Hindistan arasında yaşanan gərginlik və digər ölkələrdə soyuq müharibələr bunların hamısı həm ticarət, həm də turizm əlaqələrinə çox ciddi təsir göstərir. Asiya ölkələri ilə Avropa ölkələri arasında müəyyən qədər loqistik baxımından baxsaq görərik ki, hava yolları İran və İsrail üzərindən, Bağdad və İraq üzərindən uçan təyyarələr öz istiqamətlərini dəyişir. Bu da aviakompaniyaların 3 saata getdiyi uçuş məsafəsini 2 qat artıraraq, 6-8 saata qədər bir yol getməsinə səbəb olur. Nəticədə aviakompaniyaların, karqo şirkətlərinin əlavə xərclərinə gətirib çıxarır. Bu da ümumi olaraq ticarət əlaqələrində geriləməyə səbəb olur”
Bunu Moderator.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib. O daha sonra əlavə edib:
“Eyni zamanda bu istiqamətdə uçan turistlər də həmin aviakompaniyalardan istifadə etdiyində tranzit uçuşlarda çox ciddi problemlərlə rastlaşırlar. Belə ki, Asiya ölkələrindən digər ölkələrə gedəndə təyyarəni dəyişirlər. Çünki aviareysin gecikməsi növbəti aviareysə hər bir halda çatmır və bu da turist marşurutunda böyük çətinliklər yaradır. Müharibələr uzandıqca insanların sosial rifahı aşağı düşür. Aşağı düşdükdə isə turistlik qabiliyyətlərini itirirlər. İnsanlar hər bir halda illik, günlük, aylıq xərclərini əsasən zəruri məsələlərə xərcələyirlər. Yalnız artıq qalan pulu səyahətə xərcləyirlər. Bu baxımdan hələ ki, müharibədən çıxmış ölkələrin vətəndaşları bu halda ilk olaraq özlərini toparlamağa çalışacaqlar. Bu da bir neçə il vaxt alacaq. Buna görə də bütün dünyanı sağlam saxlamaq üçün ilk növbədə bu iğtişaşlardan qaçmaq, cəmiyyətimizi, bəşəriyyətimizi xilas etmək üçün vətəndaşlar özləri bunu anlamalı və düşünməlidirlər” deyə ekspert bildirib.