EN

Transxəzər enerji dəhlizi İpək Yolu regionunun enerji arxitekturasının rəqabət qabiliyyətini artıracaq

Qazaxıstan və Özbəkistanı Azərbaycanla birləşdirəcək "yaşıl enerji kabeli" İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

"Report" xəbər verir ki, bu, "Astana" Beynəlxalq Maliyyə Mərkəzi və ADA Universitetinin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun (IDD) hazırladığı iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi perspektivləri haqqında analitik hesabatda öz əksini tapıb.

Qeyd olunur ki, bu sualtı yüksək gərginlikli kabel Qazaxıstan və Azərbaycanın enerji sistemlərini birləşdirmək üçün nəzərdə tutulub və daha geniş təşəbbüsün - Cənubi Qafqazı Avropa ilə əlaqələndirən Qara dəniz üzərindən "yaşıl enerji sualtı kabel" layihəsinin bir hissəsi olacaq.

Sənədə əsasən, bu infrastrukturun istismara verilməsi Mərkəzi Asiyada istehsal olunan təmiz elektrik enerjisinin (ilk növbədə, günəş və külək) Avropa İttifaqına ixracına şərait yaradacq, regionda enerji mənbələrinin şaxələndirilməsinə və Aİ-nin dekarbonizasiya hədəflərinə nail olunmasına töhfə verəcək.

"Transxəzər kabelinin çəkilməsi sabit xarici satış kanalını təmin edəcək və bərpa olunan enerji mənbələri sahəsində irimiqyaslı layihələrin investisiya cəlbediciliyini artıracaq", - hesabatda deyilir.

Müəlliflərin fikrincə, layihənin Aİ-nin enerji təhlükəsizliyi və iqlim gündəliyi sahəsindəki məqsədlərinə uyğunluğunu nəzərə alaraq, “Global Gateway” təşəbbüsü mühüm strateji maliyyələşdirmə mexanizmi ola bilər.

"Makroiqtisadi kontekstdə layihə Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıqda karbohidrogenlərdən elektrik enerjisinə keçidi əks etdirir ki, bu da hər iki ölkənin aşağı karbonlu enerji ixracatçıları mövqeyindən çıxış etməsinə imkan verir, eyni zamanda regional elektrik şəbəkələrinin modernləşdirilməsini və iqtisadi şaxələndirməni stimullaşdırır. Bu enerji dəhlizi reallaşdırılacağı təqdirdə, İpək Yolu regionunun enerji arxitekturasının dayanıqlılığını və rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq", - sənəddə qeyd olunur.

Hesabatın müəllifləri hesab edirlər ki, Transxəzər və Qara dəniz "yaşıl enerji dəhlizləri"nin yaradılması üçün güzəştli maliyyələşdirmə, dövlət zəmanətləri və qarışıq maliyyələşdirmə strukturlarının kombinasiyası lazımdır. "Avropa İnvestisiya Bankı, Avrasiya Yenidənqurma və İnkişaf Bankı və ixtisaslaşmış iqlim fondları maliyyələşdirmənin təmin edilməsində mühüm rol oynaya bilər. Bundan başqa, dövlət-özəl sektor tərəfdaşlıqları və dövlət enerji şirkətləri tərəfindən "yaşıl istiqrazları"n buraxılması əlavə kapital səfərbər etməyə imkan verə bilər", - hesabatda vurğulanır.

Chosen
6
report.az

1Sources