EN

Milyarder Karapetyan həbs edildi - Paşinyan onu “yaramaz” adlandırdı və şirkətini əlindən alır

“Taşir” Şirkətlər Qrupunun və “Ermənistanın Elektrik Şəbəkələri” şirkətini sahibi, Rusiyada böyük biznesi olan və Kremlə yaxınlığı ilə tanınan erməni milyarder Samvel Karapetyan ötən gecə İrəvanda həbs edilib.

Hurriyyet.az xəbər verir ki, erməni mediasının məlumatına görə, Karapetyan gecə saat üç radələrində Ermənistan Daxili İşlər Nazirliyinin Baş Kriminal Polis İdarəsinə, oradan da İstintaq Komitəsinə aparılıb.

Karapetyanın tərəfdarları polis binası yaxınlığına toplaşıblar. Onlar bu həbsi gözləyirmişlər və buna görə bir neçə saat əvvəldən binanın önünə yığışıblar. Belə ki, dünən Karapetyanın evində axtarışlar aparılıb. Ona qarşı istintaq Karapetyanın Paşinyanla qarşıdurmada olan Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxmasından və hökuməti hədələməsindən sonra başlayıb.

Qeyd edək ki, Karapetyan kilsə-hökumət qarşıdurmasına “öz yolu ilə müdaxilə edəcəyini” vəd edəndən sonra Paşinyan biznesmeni “yaramaz” adlandırıb. Ancaq bununla “ürəyi soyumayan” Paşinyan Karapetyanı həbs etdirməklə yanaşı, ona məxsus “Ermənistanın Elektrik Şəbəkələri” şirkətini də milliləşdirəcəyini açıqlayıb. Bu şirkət ölkənin əsas elektrik paylayıcı operatorudur və faktiki olaraq, strateji sahəyə nəzarət edir. 2015-ci ildə, yəni, Serj Sarqsyanın hakimiyyəti dövründə şirkət milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Tashir Group”-a verilib. İndi də göründüyü kimi, Paşinyan onu dövlətə qaytarmaq qərarına gəlib. Karapetyanın “başından böyük” bəyantı isə bunun üçün Paşinyana bəhanə verib.

Qeyd edək ki, Paşinyan Karapetyanı cəzalandırarkən maraqlı bir paylaşım da edib. Bu paylaşım Kremlin təbliğatçısı Vladimir Solovyovu özündən çıxarıb və o, öz verilişində milyarderin müdafiəsinə qalxaraq, Paşinyanı təhqir edib. Paşinyan Karapetyanın Rusiyanın göstərişilə hərəkət etdiyinə işarə vuraraq, yazıb: “Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi deyil. Bura Ermənistan Respublikasıdır. Ümid edirəm, dövlətin dadı sizin ağzınızda qalacaq”.

AzPolitika.info

Chosen
12
hurriyyet.az

1Sources