Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə “MTN işi” üzrə zərərçəkmiş Hüseyn Səfərovun kassasiya şikayətinə baxılıb.
Musavat.com xəbər verir ki, Hüseyn Səfərov Bakı Apellyasiya Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli 7(103)-5/2025 saylı qərarından narazı qalaraq Ali Məhkəməyə müraciət etmişdi.
İşin mahiyyəti ondan ibarətdir ki, zərərçəkmiş Hüseyn Səfərov Nərimanov Rayon Məhkəmə İcraçıları Şöbəsinin icra məmuru Rəfail Səfərovun Bakı Hərbi Məhkəməsinin hökmünə birbaşa müdaxilə xarakteri daşıyan və icra prosesini süni surətdə ləngidən qanunsuz qərarının ləğvini tələb edib.
Xatırladaq ki, 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsi keçmiş MTN generalı Mövlam Şıxəliyev və digərlərinin apellyasiya şikayətini təmin etməmişdi.
Həmin qərardan sonra cinayət işi üzrə mülki iddialar icraya yönəlmək üçün Bakı Hərbi Məhkəməsinə qaytarılmış, bu instansiya isə 16 zərərçəkmişin adına icra vərəqələri tərtib edərək Nərimanov Rayon İcra Şöbəsinə göndərmişdi. Lakin icra məmuru Rəfail Səfərov bu vərəqələri icraya yönəltməkdən müxtəlif bəhanələrlə iki ilə yaxın imtina edib.
Nəhayət, zərərçəkənlərin şikayətləri əsasında Nərimanov Rayon İcra Şöbəsinin rəisi Zaur Abdullayev Bakı Hərbi Məhkəməsinə icra sənədlərinin izahı barədə rəsmi müraciət göndərib. Məhkəmə isə cavab verərək bildirmişdi ki, hökm aydındır, izaha ehtiyac yoxdur və icra sənədləri hökmdə yazılanlara uyğun icra edilməlidir.
Buna baxmayaraq, Rəfail Səfərov yenidən izah tələbi ilə Bakı Hərbi Məhkəməsinə müraciət edib. 1 iyul 2024-cü ildə məhkəmə bu ərizəni də rədd edərək hökmün məzmununun tam və izaha ehtiyac olmadığını təsdiqləyib. Eyni nəticəyə Bakı Apellyasiya Məhkəməsi də 26 avqust 2024-cü il tarixli qərarı ilə gəlib və icra sənədlərinin qanuni icra edilməsinin vacibliyini vurğulayıb.
Bütün bunlara baxmayaraq, Rəfail Səfərov icra işinə formal şəkildə başlasa da, məhkəmə qərarlarının tələblərini gözardı edərək şəxsi qaydada icra işi aparmağa cəhd edib. O, icra sənədinin mənbəyini – Bakı Hərbi Məhkəməsinin hökmünü qeyd etsə də, həmin instansiyanın verdiyi izah qərarlarına heç bir istinad etməyib. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin qərarını da nəzərə almayıb.
Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, icra məmuru qərar verməzdən əvvəl 16 nəfər zərərçəkmişi Nərimanov İcra Şöbəsinə dəvət edərək hər birindən ərizə alıb:
“Rəfail Səfərov bildirdi ki, yalnız o halda icra işinə başlayacaq ki, hamımız yazılı şəkildə icradan şikayət etmədiyimizi təsdiqləyək. Əks halda işi aparmayacaq. Biz isə icranın əngəllənməməsi üçün bu qanunsuz tələbi yerinə yetirmək məcburiyyətində qaldıq”.
Hüseyn Səfərov əlavə edib ki, Rəfail Səfərov hökmdə göstərilən 16 nəfərlə kifayətlənməyib, öz istəyi ilə siyahıya 6 nəfəri də əlavə edərək fərdi maraqlarını təmin etməyə çalışıb. Bu səbəbdən zərərçəkənlər onun qərarının ləğvi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etsələr də, nəticə əldə olunmayıb.
“Azərbaycan Respublikası adından çıxarılan məhkəmə hökmü icra məmuru tərəfindən dəyişdirilə və ya pozula bilməz. Əgər belədirsə, niyə Rəfail Səfərov bu müddət ərzində dəfələrlə Bakı Hərbi Məhkəməsinə və Bakı Apellyasiya Məhkəməsinə izah sorğusu göndərirdi? Bütün məhkəmələr hökmdə qeyri-müəyyənlik olmadığını, sənədlərin dərhal icra edilməli olduğunu bildiriblər. Amma Nərimanov Məhkəməsi də bu qanunsuzluqlara göz yumdu”, - deyə Hüseyn Səfərov vurğulayıb.
Zərərçəkmiş bildirib ki, Ali Məhkəmə kassasiya şikayəti üzrə ədalətli mövqe sərgiləyib:
“Ali Məhkəmənin hakimi Nazim Mövsümova və Ali Məhkəmənin sədri İnam Kərimova ədalətli qərar verdiklərinə görə təşəkkür edirəm. Ümid edirəm ki, Bakı Apellyasiya Məhkəməsi də bu iş üzrə son nöqtəni qoyacaq və biz zərərçəkmişlərə qarşı 4 ildən artıq davam edən qanunsuzluqlara son veriləcək”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com